ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri çərçivəsində qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi və əkil qoyması birmənalı qarşılanmadı.
Bu addım diplomatik protokolun tələblərindən irəli gəlir, yoxsa ABŞ-ın İrəvana qarşı xüsusi simpatiyasının göstəricisidir? Vens Bakıya səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət edəcək?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz səfərinə Ermənistandan başlaması diqqət çəkir:
“Onun regiona gəliş məqsədi sülh prosesi və TRIPP marşrutu ilə bağlıdır. Səfər zamanı isə bu kimi detallara diqqət yetirilməlidir. Ümumiyyətlə, “erməni soyqırımı” Türkiyə ilə əlaqəli bir məsələdir. Sülh prosesi Azərbaycan və Ermənistan arasında olsa da, sözügedən məsələ bu prosesin də tərkib hissəsidir.
Ermənistan bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Qondarma soyqırımı abidəsinin ziyarət edilməsi xoşagələn hal deyil. Sülh üçün gələn bir şəxsin protokol tələbi belə olsa, bu abidəni ziyarət edib əklil qoyması doğru qəbul edilmir. Düşünürəm ki, Vens Türkiyənin ABŞ üçün rolunu bilməlidir. Ankara Vaşinqton üçün regionda çox mühüm müttəfiq ölkədir. Belə bir addımın atılması Ankaranın xoşuna gəlməyəcək.

Xəyal Bəşirov
O ki qaldı, Vensin Bakıda Şəhidlər xiyabanını ziyarət etməsi məsələsinə, mən bu iki abidənin müqayisəsinin doğru olduğunu düşünmürəm. Biri qondarma abidədir, digəri isə 36 il əvvəl baş vermiş qanlı hadisəni əks etdirir. Hətta bu hadisəni törədən ölkəni ABŞ özü məğlub edib. Fikrimcə, xiyabanda uyuyan şəhidləri ziyarət etmək həm şərəfdir, həm də insanlığa verilən dəyərin ifadəsidir”.
Turan Rzayev
Globalinfo.az