Vəkili Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmədən danışdı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib – red.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovun yaxınlarına aid olduğu deyilən əmlakla bağlı məsələ yenidən gündəmdədir.

Aprelin 11-də Ali Məhkəmədə sözügedən məsələyə baxılacağı bildirilmişdi. Bunun həm də İnam Kərimovun Ali Məhkəmənin sədri kimi ilk ciddi sınağı olaraq da dəyərləndirilirdi. Amma məhkəmə prosesinin təxirə salındığı bildirildi.

Bəs proseslə bağlı vəziyyət nə yerdədi?

Globalinfo.az-a açıqlamasında Akif Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmənin təxirə salınmasının səbəbinə aydınlıq gətirib:

“İki nəfər zərərçəkmiş şəxs ardıcıl kasasiya şikayəti vermişdilər. İş Ali Məhkəməyə verildikdən sonra prokurorluğun kasasiya şikayəti ilə bağlı prosesi başladıldı. Prosessual qaydalara əsasən məsələyə dərhal baxılması uyğun deyildi. Tərəflərə proseslə tanış olmaq üçün müddət verilməlidir. 11 aprel tarixinə təyin edilən məhkəmə iclası bu səbəblə qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Bu barədə Ali Məhkəmədən əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən kasasiya şikayəti Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmişdi.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı prokuror protest, “8-ci kilometr bazarı”nın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov isə maraqlı şəxs qismində şikayət verib.

Prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apelyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir.

Xatırladaq ki, Akif Çovdarov MTN-də vəzifədə olduğu dövrdə hədə-qorxu ilə tələb etmə, talama, vəzifə saxtakarlığı, rüşvətalma cinayətləri ilə ittiham olunub. Həmçinin bir sıra yüksək vəzifəli şəxslərdən, biznesmenlərdən hədə-qorxu ilə pul alınmasında iştirak etdiyi bildirilib. 2015-ci ildə MTN-dəki silsilə həbslər zamanı tutulub. 12 il cəza alsa da, 5 il “yatdıqdan” sonra əfv edilərək azadlığa çıxıb. 30 milyonluq əmlakı müsadirə edilib. Ötən il dekabrın 29-da Ali Məhkəmədən göndərilmiş yekun akt əsasında Bakı Apelyasiya Məhkəməsi əmlakların üzərindəki müsadirəni ləğv edib.

Ayşən Mustafa
Globalinfo.az