Lixtenşteyn kiberhücuma məruz qalıb. Nəticədə knyazlığın “İqtisadi cəhətdən hüquq sahibi olan şəxslər reyestri”nə (VwbP) məxfi giriş əldə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Bild” məlumat yayıb.
Bildirilib ki, reyestrdə şirkətlərin, fondların və trastların faktiki sahibləri, yəni aktiv və müəssisələrə nəzarət edən şəxslər barədə məlumatlar saxlanılır.
Lixtenşteyn hökumətinin məlumatına görə, hakerlər iyulun 30-na keçən gecə reyestrə müdaxilə ediblər.
Kiberhücum nəticəsində təxminən 31 min hüquqi şəxsin məlumatları risk altına düşüb. Zərərçəkənlər arasında təkcə Lixtenşteyn vətəndaşları deyil, həmçinin İsveçrə, Almaniya, Avstriya və digər ölkələrdən olan imkanlı şəxslərin də olduğu bildirilir.
Reyestrdə ad, soyad, doğum tarixi, vətəndaşlıq, yaşayış ölkəsi və müvafiq şirkət və ya fondda tutulan vəzifə kimi məlumatlar yer alır.
Mütəxəssislər hesab edirlər ki, bu məlumatlar kibercinayətkarlar üçün böyük dəyər daşıyır. Çünki bir çox varlı şəxs öz şirkətləri və aktivləri ilə bağlı məlumatların məxfi qalmasına üstünlük verir. Bu məlumatların cinayətkarların əlinə keçməsi şantaj və digər qanunsuz məqsədlər üçün istifadə oluna bilər.
Hazırda hücumun arxasında kimin dayandığı məlum deyil. Hökumətin açıqlamasına görə, indiyədək heç bir tələb irəli sürülməyib və oğurlanan məlumatların “darknet”də yayımlandığını göstərən əlamətlər də yoxdur.
Qeyd edək ki, təxminən 41 min nəfər əhalisi olan Lixtenşteyn dünyanın ən varlı ölkələrindən biri hesab olunur və iqtisadiyyatının əsas hissəsi maliyyə xidmətləri və aktivlərin idarə olunması sahəsinə əsaslanır.
Aysel Əliyeva
Globalinfo.az