Ürəktutmadan ölənlərin sayı buna görə artır – Həkimlərdən həyəcan təbili

Ürəktutmadan vəfat edənlərin sayı gündən-günə artır. Onların sırasında məşhur simalar da var. İlahiyyatçı Hacı Şahin Həsənli, sabiq deputat Hadı Rəcəbli, müğənni Rəhim Rəhimli, tanınmış rejissor Oqtay Əliyev, jurnalist Zülfüqar Hüseynzadə, Xalq artisti İlhamə Quliyeva da eyni qəbildəndir. Bəs bu ani ölümdən yayınmaq üçün nə etmək lazımdır?

Globalinfo.az-a danışan invaziv kardioloq Şəmşir Vəliyev deyib ki, ürək xəstəliyi nəinki Azərbaycanda, eləcə də bütün dünya ölkələrində geniş yayılıb.

Onun sözlərinə görə, ürək xəstəliklərindən ölüm halı birinci yerdə durur:

“Ürək xəstəliyinin səbəbi müxtəlif olur. Məsələn, genetik, irsi, şəkərli diabet, arterial hipertenziya, zərərli vərdişlər – alkoqol, qəlyan, siqaret və energetik içkilərdən istifadə etməklə əlaqəlidir. Ümumiyyətlə, hər bir vətəndaş 40 yaşından sonra ildə bir dəfə kardioloji müayinədən keçməlidir”.

Ş.Vəliyev deyib ki, əgər irsi faktoru varsa, mütləq müayinə olunmaq lazımdır:

“Həm ana, həm də ata tərəfdən ürək, qan-damar sistemi xəstəliyi ilə bağlı problem yaşanılıbsa, o zaman həmin şəxslər daha dərin müayinələrdən keçməlidirlər. Ürək xəstəliklərindən yayınmaq üçün mütləq yürüş etmək, fiziki aktivlikə məşğul olmaq, zərərli vərdişlərdən uzaq durmaq lazımdır”.

Kardioloq Aynur Əlizadə deyib ki, ürək xəstəliklərindən yayınmaq üçün müayinə olunmaq şərtdir:

“Təbii ki, ürək müayinəsindən keçmək mütləqdir. Bundan başqa, orqanizmin verdiyi siqnallara diqqət etmək lazımdır. Burada yanaşı xəstəlikləri də nəzərə almaq şərtdir”.

Zaira Akifqızı
Globalinfo.az