“Politico” nəşrinin məlumatına görə, ABŞ və Böyük Britaniya Ukraynanın Rusiyaya zərbələr endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər. Bir qədər əvvəl “Teleqraf” qəzeti bu həftə Ukraynanın Rusiya daxilinə zərbələr endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə qoyulan qadağanın ləğv ediləcəyini yazmışdı.
Bu Ukraynaya nə vəd edir?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən məlumatlar hələlik iddia formasındadır:
“İctimai rəy yaratmaq üçün ortaya atılmış bəyanatdır. Lakin bir çox halda belə iddiaların reallaşdığının şahidi oluruq. Belə ki, ABŞ və Böyük Britaniyanın Rusiyaya zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırması istiqamətində qərar qəbul etməsi mümkündür. Burada həlledici tərəf Britaniya deyil, ABŞ-dır. Hazırda Ukrayna üçün silah, uzaqmənzilli raket tədarükçüsü rəsmi Vaşinqtondur.
Kənan Novruzov
Bu qərarın yaxın bir həftə, 10 gün ərzində qəbul olunması gözləniləndir. Həmin addım ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində demokratların xal qazanmasına hesablanıb. Ukraynaya deyirlər ki, sən bizi, biz də səni dəstəkləyəcəyik. Əks halda hakimiyyətə Respublikaçılar gələcək və Ukrayna məhv olacaq”.
Siyasi şərhçinin sözlərinə görə, gözlənilən qərar qəbul olunmaya da bilər:
“İcazə verilərsə, müharibənin miqyası daha da böyüyəcək və savaş şiddətlənəcək. Ukraynanın Rusiyanın daxilində yerləşən əsas obyektləri uzaqmənzilli raketlərlə vurması Kremli qəzəbləndirəcək”.
Safura Bənnayeva
Globalinfo.az