Ukraynadan müttəfiqlərinə çağırış: “1,5 milyard dollar lazımdır”

Ukrayna dron istehsalı üçün müttəfiqlərindən 1,5 milyard dollar istəyib.

Globalinfo.az xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Yekaterina Çernorenko Ukraynanın tərəfdaşlarını pilotsuz təyyarələrin inkişafına sərmayə qoymağa çağırıb.

“Bizə Ukraynada PUA istehsal etmək üçün 1,5 milyard dollar lazımdır. Bu maliyyəni ölkəyə necə cəlb etmək imkanını nəzərdən keçiririk. Odur ki, tərəfdaşlarımızı pilotsuz təyyarələrin inkişafına sərmayə qoymağa səsləyirik”.

Qeyd edək ki, Ukrayna Aviasiya Kəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinskaya bildirib ki, ölkəsi hücum üçün nəzərdə tutulan pilotsuz təyyarələrin istehsalına başlamasa, ordu geri çəkilməyə məcbur qalacaq. Çünki Ukrayna hərbi texnikasının əsas hissəsi Rusiya hücum dronları tərəfindən məhv edilir.

Məlumat üçün bildirək ki, Latviyanın müdafiə naziri Andris Sprudsa Ukraynanı yeni PUA-larla təmin etmək üçün təxminən 20 ölkədən ibarət koalisiya yaratdığını açıqlayıb.

Ukraynaya yardım üzrə təmas qrupunun fevralın 14-də Ramşteyndə keçirilən iclasının yekunlarına görə, 8 ölkənin qoşulduğu pilotsuz təyyarələrin istehsal koalisiyasının işinə rəsmən başlanılıb. Bu koalisiyaya Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Hollandiya, İsveç və Estoniya daxildir.

Əliyar Xəlil
Globalinfo.az