Ukrayna müharibəsində kritik 70 gün – Tramp niyə tələsdi?

tramp ukrayna

ABŞ Prezidenti Donald Trampın prezident seçilməsinin ardınca ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparması iddiası beynəlxalq mediada böyük maraq doğurub. Hakimiyyətə gəldiyi zaman müharibələri dayandıracağı vədini verən Trampın Putinlə danışığının əsas mövzusu heç şübhəsiz ki, Ukrayna məsələsi olub.

Trampın Putinə bir xəbərdarlığı da qlobal medianın diqqətində yayınmayıb. “Washington Post” etibarlı mənbəsinə istinadla bildirib ki, Tramp telefon danışığında Rusiya prezidentinə Ukraynada müharibəni alovlandırmamağı tövsiyə edib və ona Vaşinqtonun Avropada hərbi qüvvələrinin olduğunu xatırladıb.

Müharibə yaxın vaxtlarda dayana bilərmi? Putinin şərti nədir? ABŞ Zelenskini sata, Krım daxil olmaqla Ukraynanın bir hissəsini Rusiyaya güzəştə gedə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Donald Tramp və Vladimir Putinin telefon danışığında Rusiya-Ukrayna müharibəsinin daha da genişləndirilməməsi xahiş olunub:

“Gələcəkdə bu istiqamətdə danışıqların aparılması da gözləniləndir. Krımın Ukraynaya qaytarılması çox çətin məsələdir. Yaxın zamanda baş tutması gözlənilmir. Əsas şərt müharibənin dayandırılması, atəşkəsin əldə edilməsidir. Sonrakı mərhələ isə Trampın Rusiyaya hansı əraziləri güzəştə gedəcəyi ilə bağlıdır. Digər məsələ isə Ukraynanın bu prosesə razı olub-olmayacağıdır. Donald Trampın da bu sahədə müəyyən addımlar atacağı istisna edilmir”.

elsad hesenov esas 1

Elşad Həsənov

Politoloqun sözlərinə görə, Qərb dairələri Trampın gizlincə Rusiya-Ukrayna müharibəsini dayandırmasını istəmirlər:

“Ukrayna torpaqlarının Rusiyaya güzəştə gedilməsində Qərb maraqlı deyil. Polşa Baş naziri Donald Tusk narahatlığını ifadə edərək bildirmişdi ki, belə bir hal olduğu təqdirdə, Polşa hədəf seçiləcək. Hətta ölkə gələcəkdə Rusiya hücumuna məruz qala bilər. Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer Co Baydeninin qalan 70 günlük hakimiyyət müddətində Ukraynaya Rusiyanın daxilinə hücum etmək icazəsi verəcəyinə ümid edirlər. Lakin bu müharibəni daha da genişləndirəcək”.

Elşad Həsənov qeyd edir ki, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxartmaqda maraqlı deyil:

“Atəşkəs elan olunarsa, digər mübahisəli məsələlərin də danışıqlar yolu ilə həll edilməsi mümkün ola bilər. Rusiya Krım, Donetsk, Luqansk, Zaporjye və Xersonu öz nəzarətində saxlamaq istəyir. Eyni zamanda Ukraynanın NATO-ya üzv olmaq fikrindən əl çəkməyini gözləyirlər”.

Safura Bənnayeva
Globalinfo.az