Ukrayna ordusu Pokrovsk istiqamətində ciddi şəxsi heyət çatışmazlığı ilə üz-üzədir.
Globalinfo.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb.
Yaranmış vəziyyət bölgədəki hərbçiləri ruhdan salıb. Ən çətin vəziyyətin Krasnoarmeysk istiqamətindəki piyada bölüklərində olduğu vurğulanıb.
Televiziya həmçinin 6 ukraynalı hərbçiyə istinadən fərarilik və əmrdən imtina hallarının artdığını, bunun ən çox yeni gələn hərbçilər arasında olduğunu bildirib:
“Onlar cəbhəyə bir dəfə gedirlər və əgər yaşayırlarsa, heç vaxt geri qayıtmırlar. Onlar ya cəbhəni tərk edib, döyüşə getməkdən imtina edirlər, ya da ordudan getmək üçün yol axtarırlar”.
Qeyd edək ki, Pokrovsk hazırda döyüşlərin getdiyi əsas istiqamətdir. Bura Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Xüsusilə Pokrovskun itirilməsi Ukraynanın Donbasdakı digər hərbi birliklərini çətin vəziyyətə salacaq və onların təchizatında böyük problemlər yaranacaq. Yerli ekspertlər vəziyyətin xüsusilə Ukraynanın Kurskda əməliyyatlar başlamasından sonra pisləşdiyini bildirirlər.
Əliyar Xəlil
Globalinfo.az