Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında iştirak üçün Ermənistana səfər edib. Səfər regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir.
Daha əvvəl Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfəri, artıq Cənubi Qafqazda yeni təmas mərhələsinin başlaması kimi qiymətləndirilirdi. İndi isə bu səfərin ardınca Türkiyə rəsmisinin Ermənistana getməsi və iki ölkə arasında əldə olunan razılaşma maraq doğurur.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Ermənistana səfəri, xüsusilə son dövrdə Cənubi Qafqazda müşahidə olunan diplomatik dinamika fonunda diqqətçəkən hadisə kimi qiymətləndirilə bilər:
“Bu səfər regionda dəyişən siyasi reallıqların və mərhələli normallaşma cəhdlərinin göstəricisi kimi çıxış edir. Daha əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri ilə yaranan diplomatik hərəkətlilik, indi Türkiyə rəsmisinin də eyni istiqamətdə İrəvanda təmsil olunması ilə daha geniş regional kontekstə yayılır. Bu ardıcıllıq regionda kommunikasiya kanallarının tədricən genişləndiyini göstərən siyasi siqnaldır.
Cevdet Yılmazın səfərinin əhəmiyyəti bir neçə səviyyədə izah oluna bilər. İlk növbədə, bu, Türkiyə ilə Ermənistan arasında uzun illər mövcud olan gərgin və qapalı diplomatik münasibətlərdə yumşalma meyillərinin davam etdiyini göstərir. İllərlə birbaşa yüksək səviyyəli təmasların məhdud olduğu bir mühitdə belə səfərlər artıq normallaşma prosesinin praktik mərhələyə keçdiyi mənasına gəlir. Xüsusilə vitse-prezident səviyyəsində təmsilçilik, siyasi mesajın ciddiliyini artırır.
İkinci mühüm aspekt ondan ibarətdir ki, bu səfər regional geosiyasi balansla birbaşa əlaqəlidir. Cənubi Qafqaz hazırda həm enerji təhlükəsizliyi, həm nəqliyyat dəhlizləri, həm də böyük güclərin maraqlarının kəsişdiyi bir regiondur. Belə bir şəraitdə Türkiyə-Ermənistan münasibətlərində normallaşma, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş strateji yanaşmanın tərkib hissəsidir. Bu, eyni zamanda iqtisadi və logistika baxımından yeni imkanların yaranmasına da zəmin yarada bilər”.

Yusif Bağırzadə
Politoloq qeyd edib ki, bu cür səfərlər tərəflər arasında etimad mühitinin formalaşmasına xidmət edir:
“Uzun illər davam edən siyasi məsafənin qısa müddətdə tam aradan qalxması real görünməsə də, mərhələli dialoq və təmaslar bu prosesin əsas alətləridir. Burada simvolik məqamlar da az əhəmiyyət daşımır. İrəvanda Türkiyənin yüksək səviyyədə təmsil olunması həm daxili siyasi, həm də beynəlxalq ictimai rəy baxımından mühüm siqnal hesab olunur.
Məsələ burasındadır ki, Ermənistan bu gün dalan dövlət statusundan çıxmaq üçün Azərbaycan və Türkiyəyə möhtac durumdadır. İrəvan-Moskva münasibətlərində çatların dərinləşdiyi bir dövrdə Ermənistan həm Qərblə, həm də region ölkələri ilə, xüsusilə Türkiyə və Azərbaycanla daha praktik dialoqa maraq göstərir. Burada əsas məqsəd Rusiyanın asılılığından qurtarmaq üçün alternativ iqtisadi və nəqliyyat əlaqələri yaratmaqdır.
Türkiyə faktoru isə bu kontekstdə xüsusilə önə çıxır, çünki İrəvan üçün Ankara ilə münasibətlərin normallaşması bir neçə strateji üstünlük deməkdir.
Birincisi, sərhədlərin açılması və birbaşa ticarət əlaqələri Ermənistanın iqtisadi izolyasiyasını azalda bilər.
İkincisi, regional nəqliyyat layihələrinə çıxış imkanı yarana bilər ki, bu da Ermənistanın tranzit ölkə kimi rolunu gücləndirər.
Üçüncüsü, Ermənistanın Qərb və regional aktorlarla daha çox manevr imkanı əldə etməsi mümkün hala gələr.
Odur ki, Cevdet Yılmazın Ermənistana səfəri təkcə bir diplomatik hadisə deyil, regionda dəyişən siyasi atmosferin göstəricisi olaraq qəbul oluna bilər. Bu səfər Türkiyə-Ermənistan münasibətlərində ehtiyatlı, lakin davamlı normallaşma xəttinin mövcud olduğunu göstərir. Tam normallaşma isə təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra, yəni Ermənistanın öz Konstitusiyasında Bakı və Ankara qarşı ərazi iddialarından tamamilə imtinasından sonra mümkün olacaq”.
Turan Rzayev
Globalinfo.az