Türkiyənin 100 illiyi Türk Dünyasının yeni əsridir – Şərh

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət (Respublika) bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibətilə qeyd edilir.

Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk Prezidenti də Mustafa Kamal (Atatürk) özü olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, Türkiyə Respublikasının 100-cü ili həm də bütün türk dünyasının 100-cü ilidir:

“Bu gün, bayram təkcə Türkiyədə deyil, bütün türk respublikalarında xüsusi ehtiram və önəm ilə qeyd edilir. Çünki Türkiyə Respublikası varlığı, ayaqda durması həm də Türk dünyasının ayaqda qalması deməkdir.

100 il bundan əvvəl dünyanın aparıcı ölkələri Birinci Dünya müharibəsində Osmanlı imperiyasını məğlub edib ərazisini öz aralarında bölüşdürmüşdü. Lakin türk xalqı və onun öndəri Mustafa Kamal Paşa bu vəziyyət ilə barışmayaraq müstəqillik hərəkatına başladı. Qələbə nəticəsində Anadoluda müstəqil dövlətin əsası qoyuldu. İşğalçı qüvvələr Anadoludan qovuldu.


Sabir Rüstəmxanlı

Türkiyə Cümhuriyyəti 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətdən sonra Ş ərqdə qurulan ikinci demokratik cümhuriyyət idi.
Atatürk təkcə Türkiyəni qurmadı, o, həm də orta əsr təfəkküründəki bir xalqı modernləşdirdi. Bu gün çağdaş dəyərlər, Avropa mədəniyyəti dediyimiz mədəniyyəti Atatürk Türkiyədə yarada bildi. Bu, dövrün əsas şərti idi. Atatürk də türk xalqını bu yolda irəlilədərək aparıcı xalqlardan biri etdi. Türkiyə Cümhuriyyəti bugünkü bir çox uğurunu məhz ona və onun döyüş yoldaşlarına borcludur.
Mən bir daha qardaş türk xalqını və bütövlükdə türk dünyasını bu gün münasibəti ilə təbrik edirəm”.

Politoloq Qabil Hüseynli Globalinfo.az-a deyib ki, Türkiyə dövləti dünən də, bu gün də, sabah da türk dünyasının sarsılmaz qalası olacaq:

“100 il bundan qabaq tək müstəqil türk dövləti Osmanlı imperiyası məğlub oldu. İmperiyanın Birinci Dünya müharibəsində məğlub olması türk xalqını işğal ilə üz-üzə qoydu. Amma əsarətə öyrəşməyən türk xalqı bu vəziyyətə dözmədi və Mustafa Kamal Atatürkün öndərliyində istiqlaliyyət hərəkatına başladı.

Osmanlının məğlub olduğu Böyük Britaniya, Fransa, İtaliya, Yunanıstan kimi dövlətləri tək-tək məğlub edən dahi strateq Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin əsasını qoydu.


Qabil Hüseynli

Türkiyənin müstəqil dövlət kimi varlığı 70 il sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi türk dövlətlərinin müstəqil olması üçün mühüm amil oldu. Türkiyə Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olan, dəstəyini əsirgəməyən sadiq dost, dövlətdir.

Türkiyənin 100-cü ili həm də türk dünyası üçün yeni əsrin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatının böyüməsi NATO, Aİ kimi təşkilatlanması qarşıdakı əsas hədəflərdən olmalıdır. Yeni dövrün şərtləri və reallıqları türk dövlətlərinin birləşməsini zəruri edir. Hesab edirəm, bu zərurəti gerçəkləşdirmək lazımdır”.

Turan Rzayev
Globalinfo.az