Türkiyədə seçkiyə saatlar qalmış nələr olacaq? – Gözlənilən proqnoz açıqlandı

Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirilməsinə bir gün qalıb. Gözlənildiyinin əksinə hər iki namizəd Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında rəqabət ikinci turda da müşahidə ediləcək. Namizədlər arasında səs fərqinin az olması sabahkı seçkilərin nəticəsini qeyri-müəyyən edir.

Əslində əksər rəylərdə deyilir ki, seçkinin favoriti R.T.Ərdoğandır. Onun rəqibinə qalib gələcəyinə dair intensiv proqnozlar verilir.

Amma o da deyilir ki, seçki prosesində sürprizlər qaçılmazdır. Seçkinin qalibi kim olacaq? Seçki sonrası dünya və regionun siyasi proseslərində hansı dəyişikliklər baş verə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkilərinin ilk turu nəticəsiz oldu:

Kənan Novruzov 

“Belə ki, prezidentliyə namizədlərdən heç biri lazımi nəticəni əldə edə, 50 faiz səsi keçə bilməyib. İlk turda Türkiyənin hazırkı prezidenti, hakim AK Partiya (Ədalət və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri, CHP sədri ( Cümhuriyyət Xalq Partisi) Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb. Beləliklə, Türkiyə tarixində ilk yaşandı – seçkilərin nəticəsi ikinci tura qaldı.
İlk tur gərgin keçdi. Bu, seçkilərin obyektiv və demokratik mühitdə təşkil olunmasının təzahürüdür.

Hər iki tərəfin seçki kampaniyası kifayət qədər uğurlu oldu. İndi həm Ərdoğan, həm də Kılıçdaroğlu səylə ikinci tura hazırlaşır”.

Ekspert hesab edir ki, ikinci turun nəticələrini müəyyənləşdirəcək bir neçə əsas məqam var:

“Birincisi, Ərdoğanın sədri olduğu AK Partiyanın (Ədalət və İnkişaf Partiyasının) parlamentdə əldə etdiyi üstünlükdür. Seçicilər mütləq bu faktı nəzərə almalıdırlar. Fikrimcə, əvvəlki turda Kılıçdaroğluna səs verən xeyli adam bu dəfə qərarını dəyişə bilər. Çünki xalq başa düşür ki, Kılıçdaroğlu qalib gəlsə, qanunverici orqanla icraedici orqan arasında ziddiyyət yaranacaq. Bu isə ölkə üçün yaxşı nəsə vəd etmir. Dediyimiz kimi, məsələyə soyuqqanlı və realist yanaşanlar bu amili nəzərə almalıdırlar.

İkincisi, “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan Ərdoğanı dəstəklədiyini bildirib. O, tərəfdarlarını hazırkı hakimiyyətə səs verməyə çağırıb. Fikrimcə, ikinci turun nəticələrində bu amilin də mühüm rolu olacaq.

Üçüncüsü, ilk turun nəticəsinə görə Ərdoğan daha çox səs toplamışdı. Onun qalib gəlməsinə mane olan sadəcə texniki məqamlar idi. Bu da onu deməyə əsas verir ki, ikinci turda da hazırkı dövlət başçısına səs verənlərin sayı daha çox olacaq”.

K.Novruzov qeyd edib ki, Türkiyədəki seçkilərlə, az qala, bütün dünya maraqlanır:

“Çünki seçkilərin nəticəsinin regional və qlobal təsirləri olacaq. Təsadüfi deyil ki, bir sıra Qərb dövlətləri, xüsusilə ABŞ Kılıçdaroğlunun, Rusiya isə Ərdoğanın qalib gəlməsində maraqlıdır. Çünki Ərdoğan Qərbin diktəsi ilə oturub-durmur, balanslaşdırıcı və vasitəçi olmağı bacarır. Əlbəttə Türkiyədəki prezident seçkilərinin nəticəsi Cənubi Qafqaza da birbaşa təsir edəcək. Yuxarıdakı tezislərə əsaslanaraq deyə bilərik ki, Ərdoğan ikinci turda qələbə qazanacaq. Yeri gəlmişkən, ayın 28-dək Türkiyədə çaxnaşma və xaos, o cümlədən terror aktı olması mümkündür. Düşünürəm ki, hansı siyasi liderin qalib gəlməsindən asılı olmayaraq demokratiya zəfər çalacaq”.

Turan Rzayev
Globalinfo.az