“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə sazişi imzalanıb. Bu sazişə görə, alyansın hansısa üzvünə edilən hücum onun bütün tərəflərinə hücum kimi qiymətləndiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, eyni zaman kəsiyində İsrail-Yunanıstan-Kipr Respublikası-Hindistan ittifaqı formalaşdırılır:
“Ankara buna görə də Səudiyyə Ərəbistanı və Pakistanla birgə üçtərəfli ittifaqın formalaşdırılmasını ləngidə bilməzdi. Ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı ilə Pakistan arasında müttəfiqlik sazişi imzalanıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistan Baş naziri Şahbaz Şərif arasında imzalanan sənəd “Birgə Strateji Müdafiə Sazişi” adlanır. Həmin sazişdə də tərəflərdən birinə qarşı hücum hər iki ölkəyə hücum kimi qiymətləndirilir.
Razılaşmaya baxmayaraq, İran Səudiyyə Ərəbistanına zərbələr endirəndə Ər-Riyad İslamabaddan dəstək istəmədi. Əksinə, Pakistan müharibəni dayandırmaq üçün ABŞ ilə İran arasında vasitəçilik funksiyasını həyata keçirdi. Hər halda Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı İrandakı rejimə də ciddi mesajdır ki, bu ölkələrdən birini hədəf seçərsə, o biri ikisi baş verənlərə seyrçi qalmayacaq”.
Elxan Şahinoğlu vurğulayıb ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Səudiyyə Ərəbistanı və Pakistan isə strateji tərəfdaşlarımızdır:
“Bu mənada, Azərbaycan üçtərəfli ittifaqa qoşula bilərmi? Bu, mümkün olsaydı, Azərbaycan bəri başdan dəvət olunardı. Üçtərəfli ittifaqın İsrailə münasibəti bəllidir. Azərbaycan isə İsraillə əməkdaşlığı davam etdirmək siyasətinə üstünlük verir. Ona görə də Azərbaycanın bu ittifaqa qoşulması problematikdir, bunu bilən Ankara, Ər-Riyad və İslamabad ölkəmizi seçim qarşısında qoymayıb”.