Bakı və Ankara NATO layihəsini yerinə yetirir: Rusiya ilə gərginlik yaşayacağıq – Sülhəddin Əkbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Vilnüsdə keçirilən görüşdə NATO-nun genişlənməsinə dair razılıq əldə olunub. Türkiyə NATO-nun Rusiyanın mümkün hücumundan müdafiə planına da razılıq verib.

Rəsmi Ankara Kiprlə bağlı məsələni səbəb göstərərək plana veto qoyurdu. Türkiyənin məlum qərarının Rusiyanın əleyhinə olduğuna dair rəylər, şərhlər də var.

Maraqlıdır, Türkiyənin Rusiya ilə bağlı bu rəftarı Azərbaycana hansısa sürpriz vəd etmir?

Sülhəddin Əkbər

Mövzunu Globalinfo.az-a şərh edən Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, dünyada yeni nizamım qurulması və bununla bağlı gedən geopolitik qarşıdurmanın həlledici mərhələsinə qədəm qoymuşuq:

“Bu mərhələdə tərəflər öz seçimini etməlidir. Bir tərəfdə demokratik, digər tərəfdə antidemokratik dünya qarşı-qarşıyadır.

Türkiyə demokratik dünyanın tərkib hissəsidir. Rəsmi Ankara NATO-nun ən güclü üzvlərindən biridir. Bundan başqa Türkiyə Aİ üzvlüyünə namizəddir. Türkiyə prezidentinin son tələbi həm də onu deməyə əsas verir ki, Ankara Aİ-yə üzv olmaqdan imtina etməyib.

Türkiyə hazırda mövqeyini göstərmək üçün çox aydın, birmənalı addımlar atır. Misal üçün, Rəcəb Tayyib Ərdoğanın Ukraynanın “Azov” qruplaşmasının komanda heyətini Ankaraya səfər edən ukraynalı həmkarı Vladimir Zelenskiyə təhvil verməsi buna misal ola bilər. Ankaranın son olaraq İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi də alyansın maraqları çərçivəsindədir”.

Ekspertin sözlərinə görə, Türkiyə öz mövqeyini açıq şəkildə göstərir, bu baxımdan Azərbaycan da strateji müttəfiqi kimi seçim etməlidir:

“Azərbaycan Türkiyə ilə birlikdədir. Rəsmi Bakı Rusiya ilə münasibətləri pozmamağa çalışsa da bu, qeyri-mümkündür. Geopolitik müharibənin getdiyini nəzərə alsaq, Azərbaycanın maraqları onu tələb edir ki, demokratik dünya ilə, qardaş Türkiyə ilə bir olaq.

Misal üçün, Azərbaycan Türkiyə ilə hava məkanını birləşdirmək qərarına gəlib. Əslində, bu, NATO-nun planıdır. Qeyd edim ki, analoji addımı Baltik, Skandinaviya ölkələri də atıb. NATO-nun cənub qanadında da Türkiyə bu funksiyanı gerçəkləşdirir.

Türkiyə və Azərbaycan, əslində, NATO layihəsini yerinə yetirir. Bu baxımdan gec-tez Rusiya ilə gərginlik yaşayacağıq. Ancaq Kremlin üzləşdiyi çətin vəziyyət onun Azərbaycan və Türkiyəyə ehtiyacını artırır. Bu baxımdan qeyd etdiyim gərginlik böyük olmayacaq”

Turan Rzayev
Globalinfo.az