WhatsApp Image 2026 05 06 at 16.01.59

Jurnalist: “Ermənistanda özünüzü necə hiss edirsiniz?

Serdar Kılıç: “Evimdəki kimi. Bu, sadəcə sözdə deyil. Burada özümü evimdəki kimi hiss edirəm.

Rubenə 30-40 təklif verdim; onların heç biri Türkiyə üçün heç bir fayda güdmürdü. Əsas məqsədim Ermənistanın rifahına töhfə vermək idi”.

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə səlahiyyətli nümayəndəsi Serdar Kılıçın ötən gün İrəvana səfəri diqqət çəkib. Kılıç burada Ermənistan rəsmiləri ilə görüş keçirib, iki ölkə arasında son olaraq təsdiqlənən və həyata keçirilməsi qərarlaşdırılan tarixi Ani körpüsünün bərpası ilə bağlı detallar müzakirə olunub. Kılıç “Yerevan Dialogue” platformasına da qatılıb, daha sonra bir sıra erməni jurnalistlərin suallarını cavablandırıb.

Üç ölkədə müzakirə yaradan sözlər

Ankara rəsmisi iki ölkə arasındakı münasibətlərdə son vəziyyətlə bağlı məsələlərə aydınlıq gətirib. Lakin onun jurnalistin “Özünüzü burda necə hiss edirsiniz” sualına “Evimdəki kimi” cavabını verməsi birmənalı qarşılanmayıb.

Sözügedən ifadə həm TürkiyəAzərbaycan, həm də Ermənistan ictimaiyyətində müzakirələrə səbəb olub. Kılıçın bu ifadəni hansı məqsəd və duyğu ilə işlətdiyi birmənalı deyil. İrəvan tarixi Azərbaycan torpağıdır, yəni türk yurdudur. Bir Türkiyə vətəndaşının belə bir ifadəni bu məzmunda işlətməsi müasir diplomatik çərçivə baxımından beynəlxalq standartlara və hüquqi prinsiplərə uyğun olmasa da, duyğusal baxımdan anlaşılan ola bilər.

Lakin Serdar Kılıçın Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması prosesi üzrə nümayəndəsi Ruben Rubinyan haqqında fikirləri daha da qarışdırır. Kılıçın “Rubinyanla böyük qardaş-kiçik qardaş kimi olduq” fikirləri iki ölkə rəsmisinin peşəkar əlaqəsi təsiri bağışlamır, səmimiyyətin gözləniləndən daha tez və maneəsiz şəkildə formalaşması bir sıra suallar doğurur.

Heyrət doğuran etiraflar

Ən heyrət doğuran məqam isə Kılıçın etiraflarıdır. Onun Türkiyənin deyil, Ermənistanın maraqlarına xidmət edən təkliflər irəli sürdüyünü açıqlaması, fəaliyyətini də bu istiqamətdə qurduğunu deməsi ölkəsini satmasının etirafı deyilmi?

Hansı dövlət rəsmisi illərlə düşmən münasibətdə olduğu ölkə ilə ilkin dialoqda öz vətəninin deyil qarşı tərəfin maraqlarını üstün tutur? Rəsmilərin fəaliyyəti vətənə xidmət mahiyyəti daşıyır, o zaman Kılıçın vətəni Türkiyə deyil, Ermənistandır. Bunu da çox rahat şəkildə, çəkinmədən etiraf edir.

Bayraq skandalı

Məsələn, aprelin 24-ü “erməni soyqırımı”nın ildönümündə İrəvanda keçirilən nümayişlərdə Türkiyə bayrağının meydanda yandırılmasından cəmi bir neçə gün sonra bu açıqlamalar təəccüb doğurur. Bir dövlət rəsmisi ölkəsinin bayrağının yandırıldığı yerə gedir və oranın “evi kimi” olduğunu gülümsəyərək vurğulayır. Maraqlıdır ki, meydanda tək Türkiyə bayrağının yandırılmasına İrəvana qarşı ən sərt reaksiyanı Azərbaycan verdi. Hətta bu məsələ Azərbaycan mediası və ictimaiyyətində daha çox qınanıldı, Ermənistan hökumətinin məsuliyyət daşımalı olduğu, belə revanşist addımların sülh prosesinə zərər verə biləcəyi vurğulandı. Türkiyə mediasında məsələnin elə də müzakirə mövzusuna çevrilməməsi diqqət çəkdi.

4 ildir davam edir…

Ümumiyyətlə, bu, Kılıçın Ermənistana ilk səfəri deyil. Daha əvvəl də İrəvana və sərhəd bölgələrə səfər edib, ölkə rəsmiləri ilə görüş keçirib, xüsusi qarşılanıb, təhlükəsizliyi yüksək səviyyədə təmin edilib və yola salınıb. Ankaranın İrəvan məsələlərində səlahiyyətli nümayəndəsi olduğu bir dönəmdə Ermənistan tərəfi ilə səmimiyyət hökumət standartlarını aşıbmış qənaəti yaradır.

Lakin bir şəxsin mövqeyinin bütövlükdə Türkiyənin mövqeyi olduğunu demək yanlış olar. Türkiyə dəfələrlə vurğulayıb ki, Ermənistanla münasibətlərin normallaşması və sərhədlərin açılması Azərbaycanla bu ölkə arasında sülhün təmin olunması və Bakının tələblərinin yerinə yetirilməsindən asılıdır. Ankara hər zaman ölkəmizə dəstəyini bildirib. Lakin Kılıçın son 4 ildəki addımları bütün bunların fonunda maraq, eləcə də sual doğurur.

Ankara rəsmisi “evimdəki kimi” deyəndə nəyi nəzərdə tutur? Məqsəd nədir?

Təsadüfi deyil ki, Serdar Kılıç təxminən 7 il müddətində Türkiyənin ABŞ-dakı səfiri vəzifəsini icra edib. Bu ölkə erməni diasporu və lobbisinin şou sferasından siyasətə qədər kifayət qədər güclü olduğu, təsir imkanlarını genişləndirdiyi bir məkandır. Kılıçın da fəaliyyəti müddətində sözügedən xəttlə əlaqəli şəxslərlə rəsmi tədbirlərdə qarşılaşması mümkündür. Yəni Ermənistanla normallaşma prosesinə məhz onun təyin olunması ilk başda bu baxımdan belə doğru kadr təyinatı təsiri bağışlasa, onları nisbətən tanıya və bələd ola biləcək şəxsin masaya gətirilməsi kimi qiymətləndirilsə də, ölkəsinin bayrağının yandırıldığı şəhərə bir neçə gün sonra səfər edib oranı evinə bənzətməsi cavaba ehtiyacı olan suallar yaradır.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: