ankara tel eviv scaled

2026-cı ilin 1–8 oktyabr tarixləri üzrə aparılmış AIS monitorinqi Türkiyə ilə əlaqəli xarici bayraqlı gəmilərin İsrail limanları ilə dəniz əlaqələrinin oktyabr ayında da davam etdiyini göstərir. Sözügedən dövrdə Panama və Liberiya bayraqları altında üzən və sahiblik, operator və ya texniki və kommersiya idarəetməsi baxımından Türkiyə ilə əlaqələndirilən bir sıra gəmilərin Aşdod və Hayfa limanlarına çağırışları müşahidə edilib. Xüsusilə MEDKON və ADMIRAL qruplarına aid gəmilər üzrə İsrail limanlarına təkrar çağırışlar qeydə alınıb.

Oktyabr ayının ilk həftəsində Panama bayrağı altında üzən MEDKON MERSIN gəmisinin hərəkətləri xüsusilə diqqət çəkir. AIS məlumatlarına əsasən, gəmi 1 oktyabrda Aşdod limanından çıxaraq 2 oktyabrda Türkiyənin Mersin limanına çatıb, 3 oktyabrda Mersindən çıxaraq 4 oktyabrda İskəndərun limanına daxil olmuş, 4 oktyabrda İskəndərundan çıxaraq 5 oktyabrda Hayfa limanına çatmış və 5 oktyabrda Hayfadan çıxaraq 6 oktyabrda Aşdod limanına daxil olub. Beləliklə, oktyabr ayının ilk günlərində gəminin Aşdod–Mersin–İskəndərun–Hayfa–Aşdod marşrutu üzrə hərəkət etdiyi müəyyən edilib. Bu ardıcıllıq gəminin Türkiyə limanları ilə İsrail limanları arasında təkrarlanan reyslərinin davam etdiyini göstərən göstərici kimi qiymətləndirilə bilər.

Panama bayrağı altında üzən digər bir gəmi MEDKON CANAKKALE üzrə də oktyabr ayının ilk həftəsində ardıcıl hərəkətlər qeydə alınıb. Gəmi 2 oktyabrda Ambarlı limanından çıxaraq 6 oktyabrda Aşdod limanına çatmış, 7 oktyabrda Aşdoddan çıxaraq 8 oktyabrda Hayfa limanına daxil olmuşdur. Beləliklə, gəminin Türkiyə limanından İsrailə, daha sonra isə Aşdoddan Hayfaya hərəkəti müəyyən edilib.

Digər nümunə kimi Libesiya bayrağı altında üzən MSC POLINA gəmisinin hərəkətləri qeyd edilə bilər. AIS çıxarışına əsasən, gəmi 1 oktyabrda Aşdoddan çıxaraq 2 oktyabrda Hayfa limanına daxil olmuş, 2 oktyabr saat 22:38-də Hayfadan çıxaraq 6 oktyabr saat 13:12-də Türkiyənin Barbaros limanına çatıb. Beləliklə, gəmi üzrə oktyabr ayında Aşdod–Hayfa–Barbaros marşrutu müəyyən edilib.

ADMIRAL STAR və ADMIRAL MARS gəmiləri üzrə də oktyabr ayının ilk günlərində İsrail limanları ilə Türkiyə limanları arasında əlaqəli hərəkətlər müşahidə edilib. Liberiya bayrağı altında üzən bu gəmilər üzrə açıq mənbələrdə Türkiyədə fəaliyyət göstərən Albaships Denizcilik AS ilə idarəetmə əlaqəsi göstərilir. ADMIRAL STAR üzrə təqdim edilmiş məlumatlarda gəminin İskəndərun limanından İsrail istiqamətində hərəkət etdiyi və 8 oktyabr tarixində Hayfa limanına çatmasının gözlənildiyi göstərilib. ADMIRAL MARS üzrə isə oktyabr ayının ilk günlərində Türkiyənin Ambarlı, Gemlik və Aliağa limanları ilə əlaqəli hərəkətlər və Aşdod istiqamətində hərəkət müəyyən edilib.

Nümunə olaraq, gəminin suya oturum (draft) göstəriciləri əsasında aparılmış hesablamalara əsasən, 3 oktyabr 2026-cı il tarixində Mersin, 4 oktyabr 2026-cı il tarixində isə İskəndərun limanlarında olan MEDKON MERSIN gəmisinin təqribən 3 900 ton həcmində yüklə yükləndiyi qiymətləndirilib. Daha sonra gəmi 5 oktyabr 2026-cı il tarixində Hayfa limanına, 6 oktyabr 2026-cı il tarixində isə Aşdod limanına daxil olub.

Ümumilikdə, 1–8 oktyabr 2026-cı il tarixləri üzrə AIS məlumatlarının təhlili Türkiyə ilə əlaqəli xarici bayraqlı gəmilərin İsrail limanları ilə dəniz əlaqələrinin davam etdiyini göstərir. Bu məlumatlar Türkiyə ilə əlaqəli xarici bayraqlı gəmilərin İsrail limanları ilə müntəzəm və təkrarlanan reyslərinin mövcudluğunu göstərən monitorinq göstəricisi kimi qiymətləndirilə bilər.

WhatsApp Image 2026 10 09 at 16.24.41 2 WhatsApp Image 2026 10 09 at 16.24.41 1 WhatsApp Image 2026 10 09 at 16.24.41

Globalinfo.az

Paylaş: