Türkiyədə törədilmiş silsilə teraktlar: yüzlərlə ölü, yaralı…

Noyabrın 13-ü Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşması tərəfindən törədilmiş terakt qardaş ölkədə son illərdə yaşanmış bənzər olayları gündəmə gətirib.

Globalinfo.az son illərdə Türkiyədə baş vermiş əsas terror aktlarının xronologiyasını təqdim edir:

2015-ci ilin iyulunda Türkiyənin Suriya ilə həmsərhəd olan Suruç şəhərində terror törədilib. Hadisə nəticəsində 30 nəfər həlak olub, 81 nəfər yaralanıb.

2015-ci ilin oktyabrında Türkiyənin paytaxtı Ankaranın mərkəzində iki terakt törədilib: 95 nəfər həlak olub, 200 nəfər yaralanıb.

2016-cı ilin fevralında Ankarada bomba yüklənmiş yük avtomobilinin partlaması nəticəsində 28 nəfər həyatını itirib, 60 nəfər yaralanıb.

2016-cı ilin martında Ankarada mina quraşdırılmış avtomobil partladılıb: 37 nəfər həlak olub, 70 nəfər yaralanıb.

2016-cı ilin martında İstanbulun İstiqlal küçəsində törədilmiş terror aktı zamanı 5 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.

2016-cı ilin iyununda İstanbulun Atatürk Beynəlxalq hava limanına terror hücumu olub: 41 nəfər həlak olub, 239 nəfər yaralanıb.

2016-cı ilin avqustunda kamikadze Türkiyənin Qaziantep şəhərində toy mərasiminin iştirakçılarına hücum edib. İnsident nəticəsində 50-dən çox insan həlak olub, onlarla insan yaralanıb.

2016-cı ilin oktyabrında Türkiyənin cənub-şərqində yerləşən Hakkari əyalətindəki hərbi bazada mina quraşdırılmış avtomobil partladılıb. Azı 18 nəfər həlak olub.

2016-cı ilin dekabrında İstanbulda törədilən partlayışda əksəriyyəti polis olmaqla, 48 nəfər həlak olub, 160-dan çox insan yaralanıb.

2017-ci il yanvarın 1-də İstanbulun “Reina” gecə klubunda terror aktı baş verib: 39 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Qeyd edək ki, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində baş vermiş terror nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Zaira Akifqızı
Globalinfo.az