“Tramp prezidentliyə hazırlaşır, ifşaedici faktlar yayılacaq” – Politoloq

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Ağ Evə qayıtmaq barədə düşünür. Hazırkı Prezident Co Baydenin sağlamlıq problemləri var. Buna görə də onun ikinci müddətə prezident seçilməsi suallar doğurub, hətta Demokrat Partiyasından olan tərəfdarları da Baydenin yerinə başqa namizədin olması barədə mülahizələr yürüdürlər. Bu vəziyyətdə Donald Tramp Respublikaçılar Partiyasının əsas namizədinə çevrilə bilər”.

Globalinfo.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Donald Trampın Baydenə qarşı əsas silahının onun sağlamlıq probleminin olduğunu deyib:

“Doğrudur, Tramp da yaşlıdır, ancaq fiziki baxımdan daha sağlam görünür. Respublikaçılar Partiyası prezidentliyə güclü namizəd tapmasalar, Trampın namizəd olması ehtimalı artacaq. Trampın rəqibləri bunun qarşısını almağa çalışırlar. Onlar Trampa qarşı ifşaedici faktlar tapmağa və yayımlamağa başlayıblar. Misal üçün, Tramp prezident olanda ən çox Çini tənqid edirdi. Ancaq bəlli olub ki, Tramp ailəsinin Çində böyük biznes maraqları var. “Nyu York Tayms” dərgisində yayımlanan araşdırmaya görə, Trampın Çində bank hesabı var idi və bu hesab vasitəsilə həmin ölkədə iqtisadi layihələr həyata keçirilirdi. Trampın Çində otellər şəbəkəsi də mövcuddur.

Donald Tramp prezident seçildikdən sonra biznesini ailə üzvlərinə tapşırsa da, Çindəki şəbəkə ailəyə yaxşı gəlir gətirirdi. Amerika mətbuatı Tramp əleyhinə başqa bir məqalə də yayımlayıb. Məlum olub ki, Trampın inşaat şirkətlərindən biri Çin şirkəti ilə birgə İndoneziyada böyük tikinti həyata keçirib və yüksək gəlir əldə edib”.

E.Şahinoğlunun sözlərinə görə, Tramp ailəsinin Çinlə ortaq layihələri Dubayda da mövcuddur:

“Trampın qızı İvanka Çinlə birgə fəaliyyəti koordinasiya edib. Çinin nəhəng İCBC bankının Nyu York filialı Trampın binasında yerləşib. Amerika mətbuatında Donald Trampın “Nyu Cersi” qolf klubunda çinli məşhur biznesmen Tao Liu ilə şəklini yayımlayıb. Onun Çin və Latın Amerikasında mütəşəkkil cinayətkarlarla əlaqəsinə dair məlumatlar var. Çində bu biznesmen axtarışa verilib. Bu, Trampı onunla dostluqdan çəkindirməyib. Çinli biznesmenin də Nyu Yorkda “Tramp Tover”də dəbdəbəli mənzili var”.

Politoloq qeyd edib ki, Tramp ailəsinin Çindəki iqtisadi fəaliyyətində heç bir kriminal iz yoxdur:

“Sadəcə, Trampın rəqibləri ona diqqət yetirirlər ki, Çində bu qədər iqtisadi marağı olan Ağ Evin keçmiş sahibi Pekini tənqidində səmimi deyildi. Tramp prezident seçkisində namizədliyini irəli sürərsə, ona qarşı bu kimi ifşaedici faktlardan istifadə olunacaq”.

Turan Rzayev, Globalinfo.az