Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
“Aprelin 19-da, saat 16 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib. 1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib. Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.
***
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Kia” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün həyat yoldaşı Qaratil Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Həmçinin avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Rayon Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ölən və yaralananların ailə üzvü olduqları və toya getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.