Tovuz polisindən bu şəxslərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

 

Tovuz Rayon Polis Şöbəsi əhaliyə müraciət edib.

Globalinfo.az xəbər verir ki, polis insanları “Evdə əlavə iş”, “Evdən qablaşdırma”, “Əlavə gəlir” kimi başlıqlarla yaradılmış saxta iş elanlarına aldanmamağa, bu kimi səhifələrə müraciət və hər hansı bir formada ödəniş etməməyə çağırıb.

“İnternetdə və ya sosial mediada rastlaşa biləcəyiniz saxta linklərdən, şirnikləndirici reklamlardan çəkinin! Tanımadığınız şəxslərdən taksi fəaliyyəti ilə bağlı sifariş qəbul edərkən diqqətli olun, hər hansı bir müştəriyə çatdıracağınız sifarişi görmədən naməlum şəxslərin kart hesabalarına ödəniş etməyin!

Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları təqdim etməyin, hətta bu, bank əməkdaşı olsa belə!

İşə qəbul məqsədi ilə “sağlamlıq haqqında arayış” üçün tanımadığınız şəxslərə ödəniş etməyin!

Alqı-satqı saytlarında hər hansı bir mənzili, kirayə evi, avtomobili (telefon, ehtiyat hissələri, geyim əşyaları, mebel və s.) dəyərindən aşağı qiymətə təklif edən tanımadığınız şəxslərə alacağınız əmlak və ya məhsul üçün “beh” adı ilə ödəniş etməyin!

Hər hansı bir oyunun qalibi olduğunuz üçün guya sizə çatacaq hadiyyəyə görə “karqo” ödənişi etməyin!

“Aşağı faizlə kredit”, “faizə pul”, “profilin izlənilməsi”, “baxıcı”, “evdə olan əməlin çıxarılması” kimi saxta başlıqlara aldanmayın!” – deyə əhaliyə xəbərdarlıq edilib.

Zaira Akifqızı
Globalinfo.az