Tokayevi Azərbaycana gətirən mühüm səbəb – Dəhliz detalı

“Hazırda Qazaxıstan diversifikasiya xarici siyasəti keçirir. Yəni Qazaxıstan çoxvektorlu və balanslı siyasətə daha çox üstünlük verir. Üç böyük güc mərkəzi arasında yerləşən Qazaxıstan üçün balansı qorumaq və öz milli maraqlarını maksimizə etmək heç də asan vəzifə deyil. Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Türküstan coğrafiyasının regional və qlobal dəyəri daha da artıb. Bunu qlobal güc mərkəzlərinin regiona tez-tez olan səfərləri də sübut edir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kamran Sultanlı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana gəlməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Orta dəhlizin əsas halqası kimi Qazaxıstan Rusiyadan tranzit asılılığı azaltmağa çalışır:

“Qazaxıstan önəmli neft və Uran istehsalçısı və ixracatçısıdır. Hər iki yanacaq növünü Qazaxıstan əsasən Rusiya ərazisi vasitəsilə ixrac edir. Rusiya və Qərb arasında münasibətlərin kəskin gərginləşməsi, Rusiyanın ara-sıra Qazaxıstana da olan təzyiqləri Astananı alternativlər axtarmağa məcbur edir. Burada isə Azərbaycanın strateji dəyəri artır.

Hesab edirəm ki, Qərb Rusiyanı bölgədə sıxışdırmaq üçün Orta Asiya və Cənubi Qafqaza birlikdə baxır və buranı birləşmiş, inteqrasiya etmiş böyük region kimi dəyərləndirir. Qazaxıstan və Azərbaycan MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlar da birlikdə əməkdaşlıq edirlər. Bu il Qazaxıstan və Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması ilə bağlı ilk strateji məqsəd və təşəbbüsə dair bəyannamə də qəbul edilib.

Qazaxıstan Azərbaycan və Türkiyə ilə bərabər yeni regional əməkdaşlıq formatı yaradır. Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Türk dünyasında ümum inteqrasiya lahiyələri üçün bir sıra uğurlu həmlələri edir. Burada Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Qazaxıstan kimi regional əməkdaşlıq platformalarından danışmaq mümkündür. Qazaxıstan Transxəzər lahiyəsinə də dərin maraq göstərir. Kaşağan və Tengiz yataqlarında olan neftin Azərbaycan üzərindən Avropaya çatdırılması Qazaxıstan üçün prioritetdir. Bu, Qazaxıstanı Rusiyadan daha az asılı edəcək. Eyni zamanda Qazaxıstan Fransaya Uran ixrac edə bilər ki, burada da Azərbaycanın rolu artır. Lakin bunun üçün Fransa Azərbaycana qarşı destrukriv siyasətindən və Ermənistanda regional sülhə mane olan birtərəfli addımlarından geri çəkilməlidir”.

Ekspert deyib ki, Xəzər dənizində logistik və enerji sahəsi üzrə əməkdaşlıq Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yeni inkişafı üçün önəmli istiqamətlərdir:

“İndiyə qədər neft barajları sayəsində Azərbaycan yeganə mərkəz idi. Son illərdə Qazaxıstan bu sahəyə böyük yatırımlar qoydu və hazırda hər iki ölkə neft barrajlarının Xəzərdə əsas istehsalçısına çevrilib. Azərbaycan Ələt beynəlxalq hava limanının, Qazaxıstan isə Aktau limanının genişləndirilməsi siyasətini həyata keçirir. Bu baxımdan Xəzər üzərindən yükdaşımaların daha da artırılması hər iki ölkə üçün prioritetdir.

Artıq Çindən gələn yük ilk dəfə olaraq Xəzər üzərindən Avropaya daşınıb. Bütün bunlarla yanaşı dəyişən qlobal geosiyasətdə Azərbaycan və Qazaxıstan öz münasibətlərini daha da inkişaf etdirməyə və Türk dövlətləri ilə birlikdə kvazi qütb olmaq istiqamətində irəliləmək istəyir. Hesab edirəm ki, bütün bu məsələlər iki liderin Bakı görüşündə ətraflı müzakirə ediləcək”.

Turan Rzayev
Globalinfo.az