gunel seferova

“Bu gün Sabunçu rayonunda 90 saylı tam orta məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

O bildirib ki, hadisə baş verən sinfin rəhbəri Südabə Şükürova hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada biliblər:

“Müəllimənin qeyd etdiyi əsas məqamlar bunlardır: “Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də, valideyn bunu qəbul etməyib”.

Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması oldu”.

G.Səfərova deyib ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib:

“Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi”.

Günel Səfərova məktəb rəhbərinin müəllimə inzibati tədbir görərək töhmət verdiyini bildirib:

“İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və təhlükəsizliyinin təmini olmalıdır. Ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: