Tehrandan Bakıya daha bir addım – İran nəyə çalışır?

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb. Görüşdə iki ölkə arasında son dinamikalar və qarşılıqlı münasibətin perspektivi haqda fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İran hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu və bunun ətrafında baş verən hadisələrlə bağlı tələbləri tam yerinə yetirməyib:

“Buna görə də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkə rəsmiləri ilə görüşlər keçirməklə gərginliyi azaltmağa çalışır. Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşün də həmin mövzular ətrafında cərəyan etməsi istisna edilmir. Bu hadisələr onu göstərir ki, İran hakimiyyəti yaratdığı problemi həll etməyə çalışır. Rəsmi Tehran Azərbaycana qarşı dəfələrlə bu metoddan istifadə edib. Əvvəlcə münasibətləri gərginləşdirib, sonra guya əlaqələri normallaşdırmaq üçün müxtəlif addımlar atıb. Bunu Ermənistanın Azərbaycan torpaqlarını işğalı, eyni zamanda, 44 günlük müharibə və ondan sonrakı dövrdə də görmüşük.

Sədrəddin Soltan

Xatırladım ki, Azərbaycanda İranın ali rəhbərinin nümayəndəsi Əli Əkbər Ocaqnejat “5-ci kolon” yaratmışdı. Bu gərginlik deyilmi? Sonra da İranın bir neçə diplomatı casusluqda ittiham olundu və ölkədən çıxarıldı. Bütün bunlar iki ölkənin münasibətlərində Tehran tərəfindən atılmış xoşagəlməz addımlardır. İndi də İran törətdiyi əməllərin nəticələrini aradan qaldırmaq üçün özünü xoşməramlı kimi göstərməyə çalışır. İranla yarımdiplomatik münasibətlər var. Yəni konsulluq səviyyəsindədir. Ticarət əlaqələri, siyasi təmaslar da mövcuddur”.

Politoloq qeyd edib ki, İran Prezidenti İbrahim Rəisinin Azərbaycan Prezidentini təbrik etməsi siyasi təmaslardan xəbər verir:

“Görünür, yaxın perspektivdə İranla münasibətlərdə təmaslar mümkündür. Əsas məsələ səfirliyimizə terror hücumunun nəticəsi ilə bağlıdır. Yəni Tehranın üzərinə götürdüyü öhdəliyə əməl edib-etməyəcəyindən asılıdır. Bu həm də Azərbaycanın İran hakimiyyətinə etimadını artıra bilər. Hazırda rəsmi Bakı Tehrana etibar etmir, İran yaranmış mənfi qənaəti aradan qaldırmağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az