Fazil Mustafa güllələndi – VİDEO / Yenilənir

TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

***

Evinin önündə sui-qəsd nəticəsində yaralanmış millət vəkili Fazil Mustafa xəstəxanaya aparılıb.

Globalinfo.az xəbər verir ki, deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

KTM-dən verilən məlumatda qeyd edilib ki, yaralı Təcili Tibbi Yardım şöbəsindədir. Hazırda həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Qeyd edilib ki, onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur.

Yekun vəziyyəti barədə əlavə məlumat veriləcək.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Millət vəkilinin iki güllə yarası aldığı bildirilir.

***22:23

Millət vəkili Fazil Mustafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, F. Mustafa evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Xəbər yenilənəcək…