Tarix təkrarlanır: Qarabağda iki ölkənin oyunu işə düşdü

“Rusiya sülhməramlılarının Qarabağa qanunsuz şəkildə silah daşıması ilk dəfə deyil ki, baş verir. Hər kəsə bəllidir ki, rəsmi Moskva regionda sülhün əldə edilməsini istəmir. Çünki Azərbaycanın Ermənistanla yekun sülh müqaviləsi imzalaması Rusiyanın regiondakı təsir imkanlarını sıfıra endirir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli ötən gün rus sülhməramlıların “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah daşıması haqqında yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya 44 günlük Vətən müharibəsi zamanı da Ermənistana, eləcə də Qarabağ separatçılarına 500 tona yaxın silah yardımı edib:

“Bu mənada Rusiyanın separatçılara humanitar yardım adı altında silah daşıması təəccüblü deyil. Kreml maksimum dərəcədə çalışır ki, regionda sülh bərqərar olmasın. Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalasa belə, Rusiya gələcəkdə Qarabağ kartından istifadə edərək münaqişəni yenidən alovlandıra biləcəyini düşünür.

Birmənalı olaraq başa düşmək lazımdır ki, sülhməramlılar öz missiyalarına uyğun fəaliyyət göstərmir. Separatçılara silah daşımaq heç bir halda sülhməramlı addım ola bilməz”.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağa qanunsuz şəkildə silah daşımasına İran da dəstək verir:

“Tarix yenidən təkrarlanır. Sanki 44 günlük Vətən müharibəsidir və İran yenə Rusiyaya separatçılara silah yardımı etməsi üçün öz hava məkanını açır.

44 günlük müharibənin gedişində Rusiyanın Ermənistana göndərdiyi 500 ton silah-sursat məhz İran ərazisindən keçmişdi. İran yenə ənənəsinə sadiq qalaraq öz dinindən olanlara xəyanət edir”.

Turan Rzayev, Globalinfo.az