Şuşada məni “xilas edən” erməni şair, İsa bulağındakı qorxunc, sirli məxluq – Reportaj/Fotolar

Bakı, 12 noyabr 2022-ci il. Sübh çağı. Telefonumun ekranı işıqlanır: dostum Xəzər Süleymanlıdır, mesaj yazıb:

– Oyanmısan?

– Yatmamışam.

– Qalın paltar götür. Şuşa soyuq olur.

Dostumun “Şuşa soyuq olur” cümləsini oxuduğum an azan verilir. Bunu Şuşanın müqəddəsliyinə yozuram.

“Şuşa soyuq olur” cümləsi mənə çoxdan yazdığım bir misranı xatırladır: “Hərdən boynunu üşüdər onun aldığı şərf”. Öz-özümə düşünürəm: “isti şeylərin adamı üşütməsinin mümkün olduğu kimi, soyuqluğun da adamı isti saxlaması mümkündür. Şuşa bizi üşütməz”.

***

Artıq Bakıdan çıxmışıq. Ömrümdə bir ilk yaşanır – Şuşaya gedirəm. Yol uzun və yorucudur, amma qətiyyən narahat deyilik. Bu vaxta qədər bizi Şuşadan il uzaqlığı ayırırdısa, indi yol uzaqlığı ayırır. Bu vaxta qədər Şuşadan 30 illik məsafədə idiksə, indi 300 km-lik məsafədəyik. 30 ilə dözən, 300 kilometrə də dözər. Bir də ki, qəhrəmanlarımızın döyüşə-döyüşə getdiyi yolu biz rahat maşınla gedirik – haqqımız nədir yol uzunluğundan gileylənməyə.

***

Bakının və regionların hər yerində bizi rahatlıqla ünvana çatdıran naviqator proqramı Füzuliyə yaxınlaşdıqca istiqaməti itirir. Sanki o da bizim kimi bu yolu ilk dəfədir gedir, tanımır. Təxminən 50-60 km getdikdən sonra istiqamətimizin yanlış olduğunu dəqiqləşdiririk. Maşını saxlayıb, ağacın altında dayanmış aqsaqqaldan Şuşaya gedən yolu soruşuruq. Canfəşanlıqla izah edir, Şuşaya gedən yolda addımlaya-addımlaya istiqaməti göstərir: az qala, desin ki, mən piyada gedirəm, siz maşınla ardımca gəlin. Yolu öyrənib, sağollaşırıq. “Yaxşı yol” deyib, əlavə edir: “Bayaqkı yol ilə getsəydiz, Xankəndiyə çıxacaqdız”. Gülümsəyərək cavab verirəm: “Tezliklə ora da gedəcəyik”. Ağsaqqal “inşallah, inşallah” deyib papağını düzəldir.

***

Füzulidən keçirik. “Aman Allah!” – yanımda oturmuş rejissor dostumuz Elçin Ağazadə deyir, – “Həqiqətən də buradan vəhşi qəbilə keçib”. Yolboyu bizi izləyən sökülüb-dağılmış bu evlərin qalıqları Füzuli rayonunun başdaşı kimi ağarır. Dəhşətdir. Elə bil burada “Drezden bombardmanı” baş verib. Arxeoloji qazıntılar zamanı tapılan və 20-30 min il yaşı olan tikililər buradakı xarabalıqlardan daha sağlamdır.

Ordumuzun darmadağın edib keçdiyi “Ohanyan səddi”nin qalıqlarını görürük. Bu yerlərə baxıb, çoxdan bildiyim bir həqiqəti özüm üçün bir daha təsdiq edirəm: “onların bu torpaqların bir qarışını belə qaytarmaq fikirləri yox idi”.

Operatorumuz Soltan öz peşəsinə uyğun olaraq dağılmış tikililəri, məhv edilmiş “Ohanyan səddi”nin görüntülərini telefonun yaddaşına köçürür.

Vətən müharibəsində ilk şəhidlərin verildiyi yerdə onların xatirəsinə ucaldılmış abidənin yanından keçirik. “Qaraxanbəyli müharibənin ilk günü azad edilib, amma oktyabrın əvvəli də burada çox ağır döyüşlər gedib”, – öz-özümə düşünürəm.

Səfərimizin məqsədini deməyi unutdum: şəhidlərimizin xatirəsinə həsr olunmuş ekran işinin çəkilişləri üçün Şuşaya gedirik. Arzum idi: mənim Şuşaya getməyim məhz hansısa müqəddəs və mötəbər səbəbdən olsun. Mədəniyyət paytaxtına şəhidlərə həsr olunmuş mədəni bir işlə bağlı getməyin qüruru da, məsuliyyəti də böyükdür.

***

Şuşaya yaxınlaşdıqca artıq bir dəfə burada olmuş Xəzər Süleymanlı bizi ilanvari yola hazırlayır: “Birazdan Ağsu perevalının Qarabağ variantını görəcəksiniz, ora ilə qalxacağıq”.

Maşında gah sağa, gah sola baxıram. Şuşanın təbiətinin möcüzə olduğunu eşitmişdim, inanmışdım, amma bu qədərini gözləmirdim: qəfil duman çökür, 5 metr sonra duman yoxa çıxır, daha bir 5 metr irəliləyirik, yenidən duman… Şuşa yolunda duman və açıq hava sürətli şəkildə bir-birini əvəzləyir: elə bilirəm, şahmat taxtasında ağ və qara xanalarda addımlayırıq. Lakin bu “şahmat oyun”u çoxdan oynanılıb, qazanılıb – 2020-nin noyabrında.

***

Daşaltının əsrarəngiz, ecazkar, vahiməli və bir o qədər də hüznlü qayalıqlarını görürük. 92-ci il Daşaltı faciəsini xatırlayıram – fəlakətlə nəticələnən o amansız əməliyyatı. Qarabağda uğursuzluq zəncirinin ilk halqası… Hələ ordu kimi formalaşmamış Azərbaycan silahlı bölmələrinin pusquya düşərək şəhid edilməsini. Ardınca yadıma düşür ki, bənzər taleyi 2020-ci il Vətən müharibəsində erməni hərbçiləri yaşayıblar: Daşaltıda Azərbaycan ordusunun qurduğu pusquya düşüblər. Pıçıldayıram: “Bura Qarabağın “Verden qəssabxanası”dır”.

Bunu eşidən rejissorumuz Elçin Ağazadə sükutu pozur: “uşaqlar, 10-15 dəqiqədir, hamımız susmuşuq, qəribədir, özümüzdən asılı olmadan içimizə hüzn çöküb”. Onun dediyini təsdiq edirik.

Soyuq olsa da başımı maşının pəncərəsindən çıxarıb Şuşanın hər ağacına, hər daşına baxır, tez-tez dərindən nəfəs alıram. Elə bilirəm, Şuşaya baxmadığım hər saniyə nəsə itirirəm, ömrümdən boşa gedir.

Havada nəsə bir doğmalıq vardı:
Həyat oyanmışdı Şuşanın üstə.
O gecə başqaydı, dünya donmuşdu,
Allah dayanmışdı Şuşanın üstə.

***

Budur, artıq şəhərə daxil olmuşuq. Dilimizdə hüzn və qürurun nəqarəti təkrarlanır: “Allah şəhidlərimizə rəhmət eləsin”.

Qəfildən özümü başqa ölkədə hiss edirəm, sonra dərhal bu “hissiyyat separatçılığı”nı beynimdən uzaqlaşdırıram. İlk qənaətim belə olur: Şuşa qədimiliyi, təbiəti, soyuqluğu, istiqanlılığı ilə mənə Şəkini xatırladır. Hər ikisinin adı eyni hərflə başlayır, hər ikisinin adında 4 hərf var. Fərq bu iki şəhərin alın yazısındadır. Şəkinin alın yazısı sadədir. Şuşanın alın yazısı isə çox ağrılıdır: sakit, hissiz-həyəcansız oxumaq mümkün deyil. Şəki şəhərdir, Şuşa tale.

***

Otelə yerləşdikdən sonra Şuşa qalasına getməyə tələsirik. İllərlə fotolarda baxdığımız, yaddaşımızda daha çox “Шуша” yazısı ilə qalmış o əzəmətli qala divarlarına yaxınlaşdıqca canımdan kiril əlifbası ilə yazdığımız illərdən qalan hansısa nimdaş ağrının çəkilib getdiyini hiss edirəm. Ermənilərin işğal zamanı buradan paylaşdıqları fotolara baxmağın bizim üçün necə ağrılı, alçaldıcı olduğu yadıma düşür: bəzən sıradan bir foto bir xalq üçün şiddət və təhqir məzmunlu ola bilir.

“Allah şəhidlərimizə rəhmət eləsin”, – dostlarımız hərəsi bir tərəfdə gəzişərək bu cümləni pıçıldayırlar. Sanki “Şəhidlər” sözünü Şuşanın qulağına tez-tez deyirik ki, onun üçün necə canların fəda olduğunu unutmasın, bir də çıxıb getməsin.

Qalanın önündə fotolar çəkdiririk, sonra necə düşdüyümüzə baxırıq. “Nəyə baxırsız, Şuşa qalasının önündə şəkil çəkdirib pis düşmək mümkün deyil”, – yarızarafat-yarıciddi deyirəm.

Şuşada ən çox görmək istədiyim bir yer var, amma hələ dilimə gətirmirəm, gözləyirəm, görüm kimsə deyəcəkmi.

***

Hə, demişdim axı, Şuşaya şəhidlərə həsr olunmuş bir ekran işinin çəkilişi üçün gəlmişik: mərhum şairimiz İsa Körpülünün “Gəl sağollaşaq” şeirinə Vətən müharibəsi fonunda videoçarx çəkilişimiz var. Ona görə də “həm ziyarət, həm sənət”, – deyib, ara-sıra çəkilişlərimizi də aparırıq. Ekran işində aktrisa dostumuz Günay Həsən şəhid xanımlarının obrazını canlandırır. Hazırda onun səhnəsini çəkirik. Çəkiliş əsnasında rejissorumuz Elçin nəsə zarafat edir, asta-asta gülürəm. Bu an kameranın obyektivində olan Günay Həsənin gözündən iri bir damla düşüb mənim gülüşümə nöqtə qoyur.

Başımı qaldırıb Xurdişbanu Natəvanın evinə baxıram. Yox, yalan dedim, baxmıram… çünki elə bir ev yoxdur, dağıdıblar, yalnız qalıqları qalıb.

***

Gecədir. Otelin mətbəxinə yığışıb söhbətləşirik. Daha sonra Xəzər Süleymanlı ilə eyvana çıxırıq. Şuşanın gecəsi də möhtəşəmdir: mükafat kimi adamın üstünə gələn təmiz hava, təbiətin səsi, sükutun hənirtisi. Şəhərdə adam azdır, amma hər tərəfdə işıqlar yanır. Bu yerdə Xəzərə Elçin Musaoğlunun “Nabat” filmini xatırladıram – “o filmdə də belədir”, – deyirəm.

Yuxusuzluqdan gözlərimiz qapanır, ancaq yatmaq istəmirik: Şuşada yuxuda keçirdiyimiz hər saat itkidir. Amma yatmalıyıq. Səhər tezdən oyanıb çəkilişlərə davam edəcəyik.

***

Səhər Şuşa qalasının önündəki çəkilişlərimizi tamamlayıb, arzusunda olduğum müqəddəs məkana doğru yola düşürük – İsa bulağına. Rus sülhməramlılarının postuna çatırıq, silahlı rus əsgəri neçə nəfər olduğumuzu soruşur, “6 nəfər” deyirik. Maşının baqajını açmağımızı istəyir, açırıq, ötəri baxıb, çəkiliş texnikası olduğunu görüb yolu açır. Yan tərəfdəki yolda erməni maşınlarını görürük, bizim keçib getməyimiz gözləyirlər, sonra post onlar üçün açılacaq və Xankəndi yoluna keçəcəklər. Bizi müşayiət edən hərbçimiz dillənir: “Buradakı ruslar özləri bizə deyirlər ki, bu torpaqların Azərbaycanın olduğunu bilirik”. Zabitimizə “komandir, sülhməramlılar bildikləri bu həqiqəti o ermənilərə də başa salsınlar”, – demək istəyirəm, amma demirəm, susuram.

İsa bulağına gedən yolda Xəzər Süleymanlı bizə Xankəndini göstərir. Şəhər relyef olaraq çox aşağıdadır. “Şuşadan daş atsan, Xankəndiyə düşər” deyimində haqlıdırlar. Amma arzu edirik ki, daş atmağa ehtiyac qalmaz.

***

Və budur… İsa bulağı. Meşənin içində doğma sahibləri üçün 28 il ağlayan möcüzə. Mübaliğəsiz deyirəm, buranın havası qəribədir: şaxta var, amma üşümürsən, yağış yağmayıb, amma yağışdan sonra torpaqdan gələn qoxunu hiss edirsən. Burada həm məscid hüzuru var, həm kilsə mistikası.

Mistika dedim, yadıma düşdü. İşğal dövründə mənə elə gəlirdi ki, İsa bulağının həndəvərində hansısa qorxunc, sirli məxluq yaşayır. Hətta ora çatana qədər həmin məxluqu axtaracağımı belə düşünürdüm. Amma elə ki, o bulağın suyundan bir ovuc içdim, üzümə vurdum, o sirli məxluq da, onunla bağlı fikirlər də yox olub getdi. Bəlkə də məni narahat edən o məxluqun adı “işğal” idi.

Birdən İsa bulağının fotolarını Quqlda tapıb baxdığım günlər yadıma düşür. Hər şey yuxu kimi gəlir. Şuşa qalasına dediyimiz “Allah şəhidlərimizə rəhmət eləsin” cümləsini İsa bulağına da deyirik.

İsa bulağı ilə sağollaşıb, 282 at gücündə olan maşınımızla Cıdır düzünə doğru yola düşürük. Son çəkilişlərimiz buradadır. Cıdır düzünün bitdiyi yerdən dərəyə baxırıq: xeyli dərinlik var. Birdən qayalıqlara şəhidlərimizin xatirəsi üçün qoyulmuş qərənfillərə gözümüz sataşır – dərənin dərinliyi bir az da artır.

***

Cıdır düzündəki çəkilişləri yekunlaşdırıb, şəhərin içində gəzirik. Yararsız vəziyyətdə olan evlərdən birinə giririk. Xəzər Süleymanlı 1981-ci ildə nəşr olunmuş “Pioner” jurnalının bir nüsxəsini tapır – özü də Azərbaycan dilində, kiril qrafikası ilə. İşğaldan əvvəl qalıb. İnanmaq olmur, bu jurnal 40 ilə yaxındır buradadır. O vaxt bu jurnalı oxuyan uşağın, yəqin, indi 50 yaşı var. Bəlkə də həyat deyil. Mənə elə gəlir ki, bu jurnalı oxuyan şəxs heç böyüməyib, hələ də onu oxuduğu yaşda qalıb.

***

Başqa bir dağılmış evə girirəm: əyilib yerə səpələnmiş kitabları çək-çevir edirəm. Kitabdakı mətnlərin quruluşundan bilirəm ki, hansısa erməni şairin heca şeirlərindən ibarət kitabdır. Ayağa qalxıb digər evə tərəf addımlayıram. Gedə-gedə də kitabdakı şeirlərdən birinin misrasını telefonun tərcümə proqramına yazıb dilimizə çevirirəm. Təxminən belə misra alınır:

“Bir yerə yaxınlaşmaq başqa yerə uzaqlaşmaqdır, getmə, ayaq saxla”.

Özümdən asılı olmadan ayaq saxlayıram, evə girmirəm. 2-3 saniyə sonra evin divarından sement layı qopub önümə düşür. Heyrət içindəyəm. Erməni şair özü də bilmədən, bəlkə, özü də istəmədən məni “xilas edir”. Mən isə bunu daha çox şeirin ilahi gücünə yozuram.

Təmir-bərpa işləri aparılan Gövhərağa məscidinin minarələrini görürəm. Şuşa üçün yazdığım şeirdən bir bəndi xatırlayıram:

Əsgərlər başıdik girdi şəhərə
Hər biri ucaboy, minarə kimi.
Bu döyüş meydanı qan dəniziydi,
Şuşa bu dənizdə batmayan gəmi.

***

Axşam saat 6 radələri. Çəkilişlərimizi tamamlayıb, Bakıya qayıtmaq üçün maşına minirik. Maşının baqajında buraya gələndə özümüzlə gətirdiyimiz və Şuşada heç geyinmədiyimiz qalın paltarlarımızı görürəm. Doğrudan da Şuşa bizi üşütmədi. Hə, bir də bunu qeyd edim: məncə, Şuşaya onun öz fəslində – payızda, azad edildiyi ayda – noyabrda getmək lazımdır: günəşin, dumanın, soyuğun, yağışın qədərində olduğu vaxtda. Şuşa mayda nə qədər ağrılı idisə, noyabrda bir o qədər gözəl görünür.

Yola düşərkən özüm üçün təəssüratlarımı ümumiləşdirəndə ermənilərin şəhər azad edildikdən sonra dedikləri “Şuşa mənasız, boz şəhərdir” kimi sözləri yadıma düşür. Üzümdə qəribə təbəssüm yaranır, ardınca onların bu iddiasına ürəyimdə cavab verirəm: “Şuşa onlar üçün boz şəhər ola bilər, amma biz Şuşaya baxanda dünyanın bütün gözəl rənglərini görürük”.

Başımı maşının pəncərəsindən çıxarıb, artıq uzaqda görünən şəhərimizə müraciətlə bir daha deyirəm: “Şuşa, Allah şəhidlərimizə rəhmət eləsin”.

Aqşin Evrən
Globalinfo.az