“Sülhməramlılar sülhü pozacaq addımı atsa, Azərbaycan tərəfi dərhal adekvat cavab verər” – Millət vəkili

Milli Məclisin deputatı Arzu Nağıyevin Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Arzu bəy, dekabrın 7-də bir neçə azərbaycanlı jurnalist Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçmək istəsə də sülhməramlılar buna icazə vermədi. Sizcə, Azərbaycan jurnalistini, vətəndaşını öz torpağına keçməyə icazə verməmək nə dərəcədə doğrudur?

– Deməzdim ki, bu bir səfər idi. Azərbaycanlı jurnalistlər peşə fəaliyyətlərini yerinə yetirmək üçün öz ərazilərimizdə çəkiliş aparmaq istəyirdilər. Daha dəqiq desəm, jurnalistlərimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının fəaliyyətini işıqlandırmaq istəyirdilər.

Sülhməramlılar hər nə qədər bunu ehtimal qarşıdurmanın yaranmaması üçün etmiş olsalar belə, mandatlarına uyğun olmayan hərəkətlərə yol verdilər.

Sülhməramlıların işi terroristləri müdafiə etmək ya da əraziyə daxil olan hər hansı yük maşınını müşahidə etmək deyil. Onlar bölgədə təhlükəsizliyi təmin etmək və sülhü qorumaq ilə mükəlləfdirlər.

Hesab edirəm, belə bir insidentin gələcəkdə yenidən təkrar olmaması üçün Türkiyə-Azərbaycan monitorinqi və Rusiya Müdafiə Nazirliyi tərəfindən müvafiq göstərişlər verilməlidir.

– Rusiya sülhməramlı kontingenti hazırda Azərbaycanın suverenliyi üçün təhlükə yaradırmı?

– Rusiya sülhməramlıları Azərbaycanın suverenliyinə təhlükə yarada bilməz. Onlar öz mandatlarına uyğun hərəkət etməlidirlər. Onlar heç kəsə atəş aça, ya da tərəflərdən birinin mövqeyini dəstəkləyə bilməz. Onların məram-məqsədi yalnız regionda sülhü bərqərar etməkdən ibarətdir. Sülhməramlılar özü sülhü pozacaq hər hansı bir addımı atsa, Azərbaycan tərəfi dərhal buna adekvat cavab verər.

Hesab edirəm indiki məqamda Rusiya sülhməramlıları bizim suverenliyimiz üçün təhlükə deyillər. Sadəcə onlar ilə bəzi məsələlər ətrafında danışıqlar aparılmalı, təlimatlar verilməlidir.

– Sizcə, Azərbaycan öz iradəsi hesabına Rusiya sülhməramlılarını ölkələrinə geri göndərə bilər?

– Bizim onları harasa göndərməyimizə dair birtərəfli nəsə deməyimiz doğru deyil. Əgər Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalansa və tərəflər arasında bundan sonra heç bir qarşıdurma olmasa, bu zaman Rusiya sülhməramlılarının missiyası yekunlaşar və beləcə, ölkələrinə qayıda bilərlər. İnanıram ki, proses gec-tez belə də yekunlaşacaq. Lakin bununla belə mane olmaq istəyən, regionda münaqişənin davamlı olmasında maraqlı olan qüvvələr mövcuddur. Bunlar əksər hallarda Ermənistanın havadarlarıdır.

– Arzu bəy, istənilən halda Azərbaycan tərəfi nə müharibə, nə də gərginlik istəyir, lakin sülhməramlılar ilə ehtimal gərginlik fonunda Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi bizi Rusiyanın hərbi aqressiyasından qoruya bilər?

– Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsi imzaladığı kim Rusiya ilə də Moskva bəyannaməsi imzalayıb. Bu gün bizim Rusiya ilə yüksək səviyyədə əlaqələrimiz var. Bununla belə, ərazi bütövlüyümüzə qarşı hər hansı bir addım atılsa, əlbəttə, Şuşa Bəyannaməsi işə düşə bilər. Söhbət təkcə Rusiya və ya İran aqressiyasından getmir. Çünki belə bir addım təkcə Azərbaycanın deyil, həm də Türkiyənin suverenliyinə qarşı atılan bir addım hesab ediləcək.

– Bəs Rusiya Qarabağa qoşun yeritsə…

–  Rusiyanın Qarabağa hər hansı bir qoşun yeritməsi inandırıcı deyil. Bu gün Rusiya sülhməramlıları onsuz da regiondadır. Bu, beynəlxalq hüquq və normalarla təsdiqlənib.

Rusiyanın Azərbaycana işğal məqsədi ilə qoşun yeritməsi üçün hər hansı bir səbəb yoxdur. Biz qalib tərəf kimi öz təkliflərimizi verir, qalan məsələləri diplomatik yolla həll etməyə çalışırıq. İnanıram ki, yaxın zamanlarda Xankəndi, Xocalı, Xocavənddə Azərbaycan yurisdiksiyası tam olaraq icra ediləcək.

Turan Rzayev
Globalinfo.az