Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı da bənzər addım diqqət çəkir. Robert Fitso hər iki hadisəni oxşar hesab edib. Ekspertlər isə növbəti hədəfin Macarıstan Baş naziri Viktor Orban ola biləcəyini ehtimal edir.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Donald Trampa sui-qəsd ətrafında bir çox versiyalar səslənir:
“Ümumiyyətlə, ABŞ tarixi belə sui-qəsdlərlə “zəngindir”. Faktiki olaraq 4 ABŞ prezidenti sui-qəsd nəticəsində həyatını itirib. Bundan başqa, bir çox siyasətçi yaralanıb.
Dünyada sui-qəsd cəhdləri hər zaman aktualdır. Xüsusilə müəyyən bir qütbün maraqlarını icra etməyən dövlət başçıları hər zaman hədəfdə olub. Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi buna real nümunədir.
Bu gün bu iki hadisə arasında paralellik aparılır. Xüsusilə həm Fitsonun, həm də Trampın Rusiya-Ukrayna müharibəsinə baxış bucağının eyni olması iki sui-qəsdin vahid mərkəzdən idarə edildiyini deməyə əsas verir. Təbii ki, bunlar versiyadır və yalnız istintaqın gedişinə əsasən nəsə demək olar. Amma bu da reallıqdır ki, belə məsələlər sonadək araşdırılmır və üstübağlı qalır”.
Politoloq vurğulayıb ki, Macarıstan Baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsinin həm AB, həm də dünya miqyasında riskli hala gəldiyinin fərqindədir:
“Prosesin ən qısa zamanda həlli üçün real addımın atılmalı olduğunu dəfələrlə deyib.
Orban Moskvaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardı. Daha sonra TDT-nin sammitində iştirak üçün Şuşaya gəldi. Sammitdən sonra isə Pekinə səfər etdi. Orbanın Avropa liderləri arasında xüsusi aktivlik göstərməsi bəzi dairələri narahat edir. Yəni ona qarşı sui-qəsdin təşkil edilməsi də ehtimal versiyadır”.
Turan Rzayev
Globalinfo.az