“Şou təşkil edən adamın sülhlə bağlı açıqlamaları səmimi görünmür” – Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsində deyib ki, “Sülh təkcə mümkün deyil, həm də vacibdir. Bu mənim düşüncəm, mənim mövqeyimdir”.

“Mən buna inanıram. Ancaq bunun olması üçün beynəlxalq ictimaiyyət vacib nüansları, niyə sürətli templə irəliləmədiyimizi anlamalıdır” – Paşinyan deyib.

Maraqlıdır, Paşinyanın bu ifadələri nədən xəbər verir? Ümumiyyətlə onun bu fikirləri nəyin mesajıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Nikol Paşinyan hazırda beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur:

“Bu gün Azərbaycanın apardığı informasiya təbliğatı nəticəsində dünyada Ermənistanın sülhdən uzaq olması isbat olunub. Beynəlxalq ictimaiyyət artıq Nikol Paşinyanın sülh məsələsində necə manipulyasiya etməyə çalışdığını yaxşı dərk edir.

Bunun ən real göstəricisi Paşinyanın son zamanlar verdiyi sülh çağırışlı açıqlamalarıdır. Aydın məsələdir ki, o öz istəyi ilə könüllü və səmimi şəkildə bunları demir. Bağlı qapılar ardında Paşinyana Qərbin etdiyi təzyiqlər ona bu sözləri dedirdir. Bu baxımdan hesab edirəm ki, Paşinyanın sülhlə bağlı fikirləri beynəlxalq ictimaiyyətin fikrini yayındırmağa hesablanıb”.

Tural İsmayılov

Politoloq qeyd edib ki, bu gün erməni cəmiyyəti sülhə hazır deyil:

“Sülh istəmək ayrı bir şey, sülhə hazır olmaq tamam ayrı bir şeydir. Erməni cəmiyyəti bu gün sülh istəsə də buna hazır deyil. Bunun əsas səbəbi Paşinyanla bağlıdır. O, hakimiyyətə gəlmədən öncə eks-prezidentlər Köçəryan və Sarkisyanı sülh istiqamətində addım atmamaqda günahlandırırdı. Lakin biz görürük ki, Paşinyan özü də hakimiyyətə gəldikdən sonra xalqı sülhə hazırlamır.

Bu gün erməni məktəblərində antitürkiyə, antiazərbaycan motivli dərsliklər tədris edilir. Yəni yetişən nəsil hələ də erməni yalanları ilə zəhərlənir. Ölkə mediasında hələ Azərbaycanla bağlı dezinfomasiyalar yayılır.

Paşinyan bu gün Laçın nəzarət buraxılış məntəqəsinin qarşı tərəfində humanitar şou təşkil edir. Bütün bunları edən birinin sülh ilə bağlı açıqlamaları mənə səmimi gəlmir”.

Turan Rzayev
Globalinfo.az