Son əməliyyatlarda azad edilən ərazilərin siyahısı buna görə açıqlanmır: Üç sensasion səbəb

Azərbaycan dövlətinin Qarabağda keçirdiyi lokal antiterror tədbirləri uğurla yekunlaşsa da bəzi məqamlar qaranlıq olaraq qalır. Misal üçün, nəzarətə götürülmüş ərazilərin tam, dəqiq siyahısı açıqlanmayıb. Yayılan qeyri-rəsmi xəritələrə baxdıqda mənzərənin ürəkaçan olduğunu görmək olar.

Maraqlıdır, indiki məqamda rəsmi Bakı nəzarətə götürülmüş ərazilərin siyahısını niyə açıqlamır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, bunun mümkün üç səbəbi var:

Aqşin Kərimov

“Birincisi, separatçıların tərksilah prosesi hələ tam yekunlaşmayıb. Amma prosesin gedişatında müəyyən ərazi nailiyyətləri açıqlana bilər.

İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti xidmət statusu ilə bağlı Bakı ilə Moskva arasında aparıla biləcək müzakirələrdən dolayı bəzi məsələlər qapalı saxlanılır.

Üçüncüsü, Qərbin hadisələrə və nəticələrə reaksiyaları ölçülür, götür-qoy edilərək ona uyğun adekvat mövqenin sərgilənməsi amili incə məqam ola bilər.

Bunlar müəyyən səbəblərdir, nəticə olaraq isə Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında öz suverenliyini bərqərar edərək onu möhkəmləndirir.

Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə Qarabağdakı erməni sakinlərin təmsilçiləri arasında keçirilən görüşdə Bakının diktələrinin davamının gəlməsi prosesin sürətlənməsi vüsətini artırır.

Nəticə etibarilə Azərbaycan Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda öz üçrəngli bayrağını dalğalandıracaq. Bu, indi daha çox texniki prosedurların icrası ilə əlaqəlidir”.

Turan Rzayev
Globalinfo.az