SON DƏQİQƏ: Pakistan və Hindistan razılaşdı – YENİLƏNİB

hidisyan

Hindistanla Pakistan arasında əldə olunan atəşkəs razılaşması hər hansı əvvəlcədən və ya sonradan qoyulan şərtlərlə bağlı deyil. Bu təşəbbüs birbaşa Pakistan tərəfindən irəli sürülüb.

Globalinfo.az TASS-a istinadla xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.

“Atəşkəslə bağlı heç bir əvvəlki və ya sonrakı şərt yoxdur. Bu çağırış Pakistandan gəlib”, – deyə ANI agentliyi Hindistan XİN-dəki mənbələrin sözlərini sitat gətirib.

Eyni zamanda vurğulanıb ki, 22 aprel tarixində Cammu və Kəşmirin Pahalqam bölgəsində törədilən terror aktından sonra dayandırılmış İnd çayı üzrə su müqaviləsinin qüvvədən düşməsi qərarı hələ də qüvvədə qalır.

Hindistanın Xarici İşlər Nazirliyinin rəhbər müavini Vikram Mistrinin sözlərinə görə, razılaşmaya əsasən, tərəflər quru, hava və dəniz üzərindəki bütün hərbi fəaliyyətləri tamamilə dayandırıblar. Bu qərar Pakistan və Hindistan hərbi əməliyyat rəhbərlərinin telefon danışığı zamanı qəbul olunub.

*** 16:35

Hindistan və Pakistan ABŞ-ın vasitəçiliyi ilə atəşkəsin elan edilməsi barədə razılığa gəliblər. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp X sosial şəbəkəsində elan edib.

O, Vaşinqtonun Dehli və İslamabad arasında danışıqlarda iştirak etdiyini vurğulayıb:

“Məmnuniyyətlə elan edirəm ki, ABŞ-ın vasitəçiliyi ilə gecə boyu uzun çəkən danışıqlardan sonra Hindistan və Pakistan tam və dərhal atəşkəsin elan edilməsinə razılaşıblar. Sağlam düşüncəyə görə hər iki ölkəni təbrik edirik”.

Qeyd edək ki, iki ölkənin rəsmiləri atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyiblər.

Əliyar Xəlil
Globalinfo.az