SON DƏQİQƏ: Netanyahunun Qəzza ilə bağlı gizli planı üzə çıxdı

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağının gələcəyi ilə bağlı çoxmərhələli və uzunmüddətli plan layihəsi üzərində çalışdığı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Maariv” qəzetinə məlumat sızıb.

Məlumata görə, Netanyahu bu layihə barədə ABŞ-la da məsləhətləşib. Nəşr bildirir ki, Qəzza zolağına hücumlar  yekunlaşdıqdan sonra yol xəritəsi layihəsi hazırlanacaq.

Netanyahunun ABŞ rəsmiləri ilə paylaşdığı planın birinci mərhələsinə görə, hücumlar başa çatdıqdan sonra Qəzza zolağında qurulacaq hərbi idarə ora daxil olacaq humanitar yardımların paylanması və mülki əhalinin inzibati işlərə cəlb edilməsi ilə məşğul olacaq.

Planın ikinci mərhələsində Səudiyyə Ərəbistanı, Misir, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin iştirakı ilə ərəb koalisiyası ilə əməkdaşlıq qurulacaq. Qəzza zolağında “Fəth” və “HƏMAS” olmadığı yeni Fələstin administrasiyası yaradılacaq. Plana görə, İsrail İordan çayının qərb sahilinə olduğu kimi Qəzza zolağına da müdaxilə etmək hüququnu öz əlində saxlayacaq.

Planın üçüncü mərhələsinə görə, Qəzzada qurulacaq yeni Fələstin administrasiyası sabitliyə nail olarsa, bu qurumun İordan çayının qərb sahilinə də hakim olması üçün yeni islahat hazırlanacaq. Bundan əlavə, Fələstin təhsil sistemində tədris planı da dəyişdiriləcək. Son mərhələdə plan müvəffəqiyyətlə həyata keçirilsə, 2-4 il ərzində işğal altındakı Qəzza və İordan çayının qərb sahilində Fələstin administrasiyasının rəhbərliyi altında ordusuz bir Fələstin Dövləti qurulacaq. İsrail həmçinin yəhudi məskənlərini boşaltmadan torpaqların yeni Fələstin dövlətinə verilməsini də nəzərdən keçirəcək.

Qeyd edək ki, Qəzza ilə bağlı fərqli layihələrin olmasına baxmayaraq Netanyahunun iş adamları ilə birlikdə hazırladığı planında israr etdiyi bildirilir. Qəzetin paylaşdığı planla bağlı İsrail hökumətindən hələlik rəsmi açıqlama verilməyib.

Əliyar Xəlil,

Globalinfo.az