ŞOK proqnoz: III Dünya müharibəsindən bu dövlətlər sağ çıxa bilər

Son illər əsas fikir bundan ibarətdir ki, dünyanın sonunu çatıb. Xəstəliklər, pandemiya, böyük müharibələr, köçkün seli, təbii fəlakətlər, iqtisadi böhran, bahalıq – bir sözlə, nə qədər pis iş var, bəşəriyyət hamısını bir-bir yaşamaqdadır.

Son iki ildir Ukrayna-Rusiya müharibəsi, ötən ilin oktyabrından İsrail-HƏMAS savaşı, İranla Qərbin münasibətlərinin pisləşməsi, ÇİN-ABŞ qarşıdurması, Yaxın Şərqdə vəziyyətin gərginləməsi gələcəklə bağlı bədbin düşüncələr yaradır.

Artıq III Dünya müharibəsinin başladığı haqda fikirlər səsləndirilir. Planetin “atəş topu”na dönəcəyi proqnozlaşdırılır.

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, bir çox qlobal miqyaslı liderin ifadə etdiyi kimi, bu gün faktiki olaraq III Dünya müharibəsi yaşanır.

Onun sözlərinə görə, qütblərarası ziddiyyət soyuq müharibə dövründən çox daha kəskindir:

“Bu gün Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurma, Qırmızı Dənizdə, Ərəbistan yarmadasında, o cümlədən Çin-Tayvan məsələsində gərginləşmə, Koreya yarmadasında qeyri-stabil durum onu göstərir ki, Qərb müharibənin öz sərhədlərindən mümkün qədər kənarda aparılmasını istəyir. Bu prosesdə isə bir qayda olaraq marionet dövlətlər önə çıxaraq plasdarm rolunu oynayır və zərbə də daha çox yerli xalqlara dəyir. Eyni zamanda digər iki dünya müharibəsindən fərqli olaraq III Dünya müharibəsi hibrid savaşıdır, silahlarla bərabər informasiya və kiber müharibə də şiddətlə davam edir. Yanlış təbliğatın əsirinə çevrilən dövlətlərdə illərdir “5-ci kolon” kimi yetişdirilən muzdlu media və siyasi təsisatlar isə bir növ katalizator rolunda çıxış edir”.

Deputat deyib ki, sirr deyil ki, mübarizənin şərq qütbü Rusiyadır və Çin, İran, yaxud Şimali Koreya kimi subyektlər Qərbin hədəfləri sırasında müstəqil qütb kimi Rusiyaya nisbətdə ikinci dərəcəli element kimi görünür:

“Qərb Rusiyanı zəif düşürmək üçün isə müxtəlif istiqamətlərdə münaqişə ocaqları alovlandırmaqdadır. Məsələn, Ukrayna savaşı prosesin ilk fitili hesab oluna bilər. Lakin sirr deyil ki, Rusiya üçün tarixən Axilles dabanı Qafqaz olub və Qərb münaqişəni bu regiona, xüsusən Cənubi Qafqaza, Azərbaycan-Ermənistan qarşıdurması müstəvisinə gətirmək, məhz bu həssas istiqamətdən Rusiya üçün problem yaratmaq niyyətində idi. Lakin cənab İlham Əliyevin personası sayəsində, Azərbaycan Cənubi Qafqazda münaqişənin uzanmasına imkan vermədi və prosesi özünün maraqlarına cavab verən formada ən qısa müddətdə, həm də separatizmə köklü olaraq son qoymaqla başa çatdırdı. Nəticə etibarı ilə bu gün bölgəmizdə nə münaqişə var, nə separatizm. Cənubi Qafqazı da Ukrayna kimi qütblər arası qarşıdurmanın bataqlığına çevirməyi planlayan Qərb neoimperializmi, bir çox coğrafiyaları qütblərin savaş meydanına çevirən nəhəng güclər, Azərbaycan lideri qarşısında aciz qalmalı oldu”.

Müsahibimizin sözlərinə görə, hər bir erməni Prezident İlham Əliyevə təşəkkür etməlidir:

“Bildiyiniz kimi, 2023-ci ilin yanvarında cənab İlham Əliyev yerli televiziyalara müsahibəsində dünyanın geosiyasi arxitekturasının əvvəlki kimi olmayacağı proqnozunu vermiş, eyni zamanda bəyan etmişdi ki, Azərbaycan bütün variantlara hazırdır. Bəli, bu gün nə əhali sayımız, nə ərazimiz bizə böyük dövlətlər siyahısına düşməyə imkan vermir. Lakin baş verənlər göstərir ki, əhali sayımızın, ərazimizin bizə verə bilmədiyi üstünlüyü liderimizin vizionu hesabına təmin edə bilmişik. Beləliklə də, Qafqazı tarixinin ən qanlı müharibəsindən, qütblərin tapdağı olmaqdan xilas etdiyinə görə bu bölgənin hər bir sakini – istər gürcü, hər istər erməni, istər azərbaycanlı və digər bir etnos nümayəndəsi cənab İlham Əliyevə minnətdar olmalıdır.

Lakin, bu, yalnız bir bölgədə stabilliyin təmin olunmasıdır, qlobal miqyasda ümumi gedişat isə ürəkaçan deyil. Heç şübhəsiz ki, siyasi xəritələr hansısa formada deformasiyaya uğrayacaq. Bu prosesdən isə yalnız və yalnız müstəqil siyasi kursa, vətəndaş həmrəyliyinə malik beynəlxalq subyektlər yara almadan, yaxud qalib kimi çıxa bilər”.

Zaira Akifqızı
Globalinfo.az