Sisi Ermənistana buna görə gedib – Politoloq

“Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana, həmçinin Ermənistana səfəri çox önəmli bir dövrə təsadüf edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana və Ermənistana səfərini şərh edərkən deyib.

O bildirib ki, Misir Şimali Afrikanın iqtisadi-siyasi baxımdan söz sahibi olan mühüm ölkələrindəndir:

“Ümumilikdə Misir dünya miqyasında da vacib ölkə sayılır. Qahirə ilə Bakı arasında münasibətlərin tarixi keçmişə dayanır. Belə ki, Azərbaycanın Afrika ölkələrində ilk səfirliyi Misirdə açılıb.

Bundan başqa, iki ölkə arasında münasibətlər iqtisadi, siyasi və digər sahələrdə uğurla inkişaf edir. Bu gün Azərbaycanda Misir mədəniyyət günləri keçirilir. Ölkə başçıları səviyyəsində də təmaslar mövcuddur”.

T.İsmayılov qeyd edib ki, Misir regionumuza xüsusi diqqət göstərir:

“Ermənistana səfərə gəldikdə isə bunu simvolik hesab etmək olar. Hesab edirəm ki, onun İrəvana səfəri Azərbaycana səfəri ilə bağlıdır. Misir üçün regionda hazırda Azərbaycan daha vacibdir”.

Turan Rzayev
Globalinfo.az