Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.
Görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar verilib.
Tərəflər NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə ediblər.
Görüşdə, bununla yanaşı hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin NSPA və OLSP kimi mexanizmlər vasitəsilə mövcud olan beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.