Sərhəddə qoşunlar fəallaşdı: hərbi kampaniya – Son durum

WhatsApp Image 2024 08 06 at 15.45.03

“Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin mətni üzrə işlərin yekunlaşmasında sonra Vladimir Putin, Emmanuel MakronMəsud Pezeşkiana tələsik məlumatlar verdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri analitik Aqşin Kərimov deyib.

O bildirib ki, Paşinyanın telefon diplomatiyasının ünvanları sülh gündəmi üzrə razılaşdırılmamış məsələlər ətrafında Ermənistanın Moskva, Paris və Tehrandan dəstək gözləntilərini ifadə edir:

“Bu, Ermənistanın Donald Tramp administrasiyasından dəstək ala bilməməsinə verilən refleksdir. Eyni vaxtda Azərbaycanla sərhəddə erməni qoşunlarının fəallaşması sülhə olan ümidlərə baxmayaraq İrəvanın inandığı vədlər əsasında hərbi kampaniya üçün fürsətçilliyini göstərir.

Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə diplomatiya və digər resurslarını ABŞ-Rusiya anlaşmalarının doğura biləcəyi regional nəticələrə kökləyəcək.

Çünki əksər regionlar Tramp-Putin danışıqları və mümkün sövdələşmələrin ağırlığını hiss edir. Böyüyən və qlobal oyunçu statusu qazanan Türkiyənin hər yerdə maraqları olan bir aktor kimi daha diqqətli yanaşmalara məcburdur”.

Ekspert deyib ki, Serbiyadakı həssas durumun daha da tündləşməsi ilə Balkan regionunun problemləri arta bilər:

“Digər hədəf isə Macarıstandır. Balkan regionu Türkiyə xarici siyasətində kritikliyi ilə seçilir. Bundan əlavə göründüyü kimi, Avropada Azərbaycanın tərəfdaşlarına qarşı kampaniya güclənir və təbii ki, bu, ABŞ-Rusiya razılıqları üzrə qurulan tamaşadır.

İranın Yəməndəki proksi qanadı husilərə qarşı ABŞ-ın hava hücumları genişlənib və ehtimalla bu, Moskva ilə Vaşinqton arasındakı Yaxın Şərqdəki sövdələşmə istiqamətlərinin göstəricilərini verir. Hərçənd ki, husilər təkcə İrandan deyil, Rusiya və Çin şəbəkələrindən də dəstək alır. ABŞ husilərə qarşı əməliyyatlarla Rusiya və Çinlə dəniz resursları uğrunda mübarizəni davam etdirir. Lakin Rusiya ilə sövdələşmənin bəndləri İrana qarşı effektiv təzyiq kimi daha aktuallıq kəsb edir. Üstəlik, bu yaxınlarda Çinin Tayvan ətrafında hərbi hərəkətliliyini artırması Vaşinqtonla Pekin arasındakı mümkün güzəşt sahələrini müəyyən etməyə imkan verir”.

aqsin kerimov yepyeni

Aqşin Kərimov

Analitik hesab edir ki, Vaşinqton-Pekin əlaqələrində xeyli mübahisələr var və ehtimalla Tramp Çinin Cənubi Qafqazda da profilini gücləndirməsi faktı ilə barışmaq istəmir:

“Deməli, ABŞ-la Çinin digər rəqabət meydanı Cənubi Qafqazdır və bu iki güc Ermənistana dəstəkdən qaçırlar. Ukraynadakı vəziyyət fonunda Avropanın təhlükəsiz gələcəyi, Cənubi Qafqaz regionu, Yaxın Şərq və Çinin hərəkətlərinin doğuracağı beynəlxalq nəticələr diqqətlə izlənilir. Nikol Paşinyanın Ermənistanı qorumaq instinktləri Yaxın Şərqdə məğlub olan İranın Cənubi Qafqazda aktiv siyasət yürütməsinə nail olmağa əsaslanır. Lakin Paşinyanın Rusiya-İran-Fransa üçbucağı yarada bilmək ehtimalları yoxdur.

Buna baxmayaraq, Azərbaycan sülh gündəmindəki yanaşmalarını daha geniş ölçü ilə yenidən prioritetləşdirəcək. Azərbaycanın Rusiya, ABŞ, İranla danışıqlar əsnasında Ermənistanın təhlükəsizlik zəmanətlərini Türkiyə ilə birlikdə yaratmaq səylərini aydınlaşdıracaq. Bu, Zəngəzur dəhlizinin açılması üçün yaranmış geosiyasi məqamlarda açar ola bilər. Ancaq Cənubi Qafqazda ABŞ-la Rusiyanın bir-birilərinin təsirlərini cilovlamaq üçün kəskin rəqabəti indi konstruktiv sövdələşmələrlə əvəzlənir. Bu, yeni konyunktura yaradılması və onun nüfuz dairələrinə bölünməsi səylərinin bir hissəsidir. Azərbaycan həmin konyunkturada belə çox güclü əl olacaq, lakin Fransa və İranın Ermənistana əhatəli müttəfiq yanaşmaları getdikcə daha zəifləyəcək”.

Turan Rzayev
Globalinfo.az