1793095225 6784e9c28c7665b3e811c1b5a86eba31

“Azərbaycanın İslam dünyası ilə münasibətləri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu əlaqələr tarixi-mədəni bağlılıqla yanaşı, siyasi həmrəylik, humanitar əməkdaşlıq və ortaq maraqlar üzərində formalaşır”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki ilə görüşü Azərbaycanın İslam dünyasında əməkdaşlığın genişləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş siyasətinin mühüm istiqamətlərini bir daha gündəmə gətirdi:

“Görüş zamanı təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın, eləcə də İslam həmrəyliyinin gücləndirilməsinin önə çəkilməsi Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin konkret təşəbbüslər və tərəfdaşlıq mexanizmləri ilə müşayiət olunduğunu göstərir. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi və Zirvə görüşünə ev sahibliyi etməsi isə ölkəmizin İslam dünyasında siyasi dialoqun inkişafına və ortaq maraqların uzlaşdırılmasına töhfə verməsi üçün yeni imkanlar yaradacaq. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın İslam dünyası ilə əlaqələrinin strateji əhəmiyyəti ölkəmizin bu münasibətləri dövlət suverenliyi, ərazi bütövlüyü, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında inkişaf etdirməsindən irəli gəlir.

Müstəqilliyin bərpasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının mühüm istiqamətlərindən biri olub. Təşkilatın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək bu platformanın ölkəmiz üçün siyasi əhəmiyyətini artırıb. Eyni zamanda, Azərbaycan İslam dünyasının ortaq problemlərinə münasibətdə mövqeyini ifadə etməklə yanaşı, dövlətlər arasında bərabərhüquqlu münasibətləri və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı müdafiə edən əsas aktorlardan biridir. Bu yanaşma ölkəmizə İslam dünyası ilə əlaqələri genişləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlıqlarını şaxələndirmək və xarici siyasətdə müstəqil mövqeyini qorumaq imkanı verir. Azərbaycanın İslam dünyasındakı rolunu gücləndirən mühüm amillərdən biri də siyasi dialoq və mədəniyyətlərarası əməkdaşlıq sahəsində qazandığı təcrübədir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları Azərbaycanın müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi önəmi nümayiş etdirir. Münaqişələrin, dini ayrı-seçkiliyin və qarşılıqlı etimadsızlığın artdığı bir dövrdə belə platformalar ölkəmizin beynəlxalq nüfuzuna töhfə verən mühüm diplomatik vasitədir”.

Politoloq deyib ki, Azərbaycanın üstünlüyü İslam dünyası ilə tarixi və mədəni bağlılığını digər dövlətlərlə əməkdaşlıq və dialoq siyasəti ilə uzlaşdırmağa çalışmasındadır:

“Bununla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin siyasi nəticələri yalnız keçirilən müzakirələrlə deyil, irəli sürülən təşəbbüslərin konkret əməkdaşlıq mexanizmlərinə və davamlı layihələrə çevrilməsi ilə seçilir. Heç şübhəsiz ki, İslam həmrəyliyinin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın humanitar diplomatiyasının mühüm istiqamətlərindən biridir. Fondun ICESCO ilə əməkdaşlığı çərçivəsində təhsil, mədəniyyət və sosial inkişaf sahələrində həyata keçirilən layihələr ölkəmizin İslam dünyası ilə münasibətlərinə praktiki məzmun qazandırır.

2024-cü ildə Burkina-Fasoda məcburi köçkün qızların və internat məktəblərində təhsil alan şagirdlərin dəstəklənməsi məqsədilə razılaşdırılan layihə bu baxımdan diqqətəlayiqdir. Layihə çərçivəsində onlarla məktəbdə təhsil şəraitinin yaxşılaşdırılması, qızların  təhsil imkanlarının dəstəklənməsi və həmçinin onların peşə və rəqəmsal bacarıqlarının inkişafı istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə bu istiqamətdə həyata keçirilən humanitar təşəbbüslər Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələri genişləndirir. Belə layihələr ehtiyacı olan icmaların təhsil imkanlarını artırmaqla yanaşı, Azərbaycanla tərəfdaş ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova 

Humanitar diplomatiyanın əhəmiyyəti ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla müəyyənləşmir. Təhsil, elm, mədəniyyət və sosial inkişaf sahələrində həyata keçirilən təşəbbüslər də uzunmüddətli tərəfdaşlıqların formalaşmasına təsir göstərir. Azərbaycanın bu sahələrdə fəaliyyəti, xüsusilə inkişaf etməkdə olan müsəlman ölkələri ilə əlaqələrin dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda, humanitar layihələrin davamlılığı, onların nəticələrinin qiymətləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi vacibdir. Bu Azərbaycanın humanitar təşəbbüslərinin ayrı-ayrı layihələr çərçivəsindən çıxaraq daha geniş və uzunmüddətli əməkdaşlıq modelinə çevrilməsinə imkan verə bilər. Azərbaycanın İslam dünyası ilə münasibətlərində dini və mədəni irsin qorunması da xüsusi yer tutur.

Tarixi məscidlər, dini memarlıq nümunələri və İslam mədəniyyəti ilə bağlı abidələr ölkəmizin milli-mədəni kimliyinin mühüm tərkib hissəsidir. Bu irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması yalnız mədəni vəzifə deyil, həm də Azərbaycanın tarixi kimliyinin təqdimatı və mədəni diplomatiyasının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi bu istiqamətdə mühüm hadisə oldu. Şuşada ICESCO ilə əməkdaşlıq çərçivəsində təhsil, elm və mədəniyyət sahələrini əhatə edən memorandumun imzalanması isə Azərbaycanın mədəni irsin qorunmasını beynəlxalq tərəfdaşlıqla əlaqələndirmək niyyətini göstərdi. Bu təcrübənin davam etdirilməsi ölkəmizin İslam mədəniyyətinin təbliğində və ortaq irsin qorunmasında rolunu daha da artıra bilər”.

A.Qurbanova deyib ki, Prezident İlham Əliyevin ICESCO-nun Baş direktoru ilə görüşündə Azərbaycanın təşkilatın fəaliyyətinə dəstəyini davam etdirəcəyinin vurğulanması qarşıdakı dövr üçün də mühüm siyasi əhəmiyyət daşıyır:

“Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi və Zirvə görüşünə ev sahibliyi etməsi ölkəmizə üzv dövlətlər arasında siyasi məsləhətləşmələrin gücləndirilməsi və ortaq maraqların uzlaşdırılması üçün əlavə imkanlar verəcək. Beləliklə də, Azərbaycanın təşkilat daxilindəki fəaliyyəti üzv dövlətlərin fərqli maraqlarını nəzərə alan, ortaq məxrəc yaradan və qəbul edilən qərarların həyata keçirilməsinə töhfə verən diplomatik yanaşmaya əsaslanır. Nəticə etibarilə, Azərbaycanın İslam dünyasındakı mövqeyinin möhkəmləndirilməsi milli maraqların müdafiəsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və ölkəmizin diplomatik imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyır. ICESCO ilə əməkdaşlıq, Heydər Əliyev Fondunun humanitar təşəbbüsləri, İslam irsinin qorunması və İslam Əməkdaşlıq Təşkilatında qarşıdakı sədrliyimiz bu siyasətin bir-birini tamamlayan istiqamətləridir. Azərbaycanın əsas üstünlüyü isə tarixi-mədəni bağlılığını müstəqil xarici siyasət, humanitar təşəbbüslər və beynəlxalq dialoq imkanları ilə birləşdirə bilməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: