Sərdar Cəlaloğlunun partiyası qeydiyyata alındı

Ədliyyə Nazirliyi Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasını (ADP) dövlət qeydiyyatına alıb.

Globalinfo.az bildirir ki, bu barədə Modern.az-a Sərdar Cəlaloğlunun özü məlumat verilib.

O qeyd edib ki, nazirlik ADP-nin təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb və təsdiq edib. Partiya sədri neçə üzvlə qeydiyyata alındığını açıqlamayıb.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Yeganə qeydiyyata alınan partiya hakim Yeni Azərbaycan Partiyası olub. Nöqsanlarla bağlı digər partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib.

İndiyədək müsbət cavab alan partiyalar aşağıdakılardır:

– Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

– AĞ Partiya

– Ümid Partiyası

– Haqq Ədalət Partiyası

– Azərbaycan Milli İstiqlal Partiyası

– Milli Dirçəliş Hərəkatı Partiyası

– Ana Vətən Partiyası

– Milli Cəbhə Partiyası

– Böyük Azərbaycan Partiyası