Ermənilər bölgədəki Rusiya sülhməramlıların dəstəyi ilə Qarabağa silah daşıyır. Son yayılan görüntülər də bunu bir daha sübut etdi. Bundan başqa digər xarici güclər də gizli yollar ilə separatçılara silah daşıyaraq onları müharibəyə hazırlaşdırır.
Azərbaycan bütün baş verənləri görür və bilir. Buna baxmayaraq təmkinli, soyuqanlı duruşunu pozmur.
Maraqlıdır, Azərbaycan qarşı tərəfin müharibə hazırlıqlarını antiterror əməliyyatları ilə darmadağın edə bilər?
Tural İsmayılov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, istər Qarabağda separatçıların silahlanması, istərsə də Ermənistanın son günlər şərti dövlət sərhədinə texnika yığaraq provokasiyalar etməsi onların özünün iradəsi ilə baş vermir:
“Faktiki olaraq regionda marağı olan böyük güclər sabitliyi pozmaq, sülhə mane olmaq və davamlı gərginlik yaratmaq üçün açıq-aşkar erməniləri yönləndirir.
Misal üçün, Azərbaycan regionda sülh çağırışı etdi və danışıqlar intensivləşdi. Hətta Ermənistan tərəfi də sülhə yönələn açıqlamalar verdi. Lakin birdən-birə İrəvanın mövqeyini radikal formada dəyişməsi separatçılar ilə bağlı iddialarını yeniləməsi diqqət çəkir. Bu faktiki olaraq bir daha proseslərin xarici aktorlar tərəfindən məqsədyönlü şəkildə gərginləşdirildiyini göstərir.
Bütün bunlara baxmayaraq ehtimal hərbi situasiya qarşısında ermənilərin Azərbaycana qarşı üstünlük əldə etməsi real deyil. Ümumiyyətlə güc balansı və hərbi qüdrət müqayisə edilməyəcək qədər fərqlidir. Azərbaycan istənilən situasiyaya hazırlıqlıdır.
Proseslərin gərginləşməsi fonunda rəsmi Bakı da antiterror əməliyyatlarına başlaya bilər. Bu realdır və gedişat bunun baş verəcəyini göstərir”.
Turan Rzayev
Globalinfo.az