SEPAH-ın Azərbaycanla bağlı videosunun şifrəsi: İsrail bəhanədir, İranın əsl planı budur – ŞOK MƏQAM

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycana qarşı təhdidedici videolar yaymağa başlayıb. Sözügedən videoda SEPAH-ın Bəsic Müqavimət Qüvvəsi guya Xudafərin körpüsündən Azərbaycana doğru keçir, daha sonra Qüdsə doğru gedir. İran “İsraili məhv edən yolun Azərbaycandan keçdiyini” vurğulamaq istəyir. Çünki uşaqların daşıdıqları bayraqların birində “Qüds yolu” yazılıb.

Qüds üç dinin müqəddəs şəhəridir. Üstəlik, İsrailin paytaxtına çevrilib. İran əlində bayraq tutan uşağı Azərbaycana tərəf yürütməklə mesaj verir ki, Bakı Təl-Əvivlə birləşib, İranı parçalamaq istəyir, Qüdsü müsəlmanlardan almağa çalışırlar və s. Hər halda o videonun açması belə izah oluna bilər. Azərbaycan tərəfindən bu qədər ağır cavab almasına rəğmən İran yenə də qonşuluq və dindaşlıq prinsiplərinə zidd davranışlardan əl götürmür.

Yaxın Şərq bölgəsi üzrə ekspert Vüqar Zifəroğlu Globalinfo.az-a bildirib ki, İranda xüsusilə siyasi elitaya yaxınlığı ilə seçilən media orqanları dəfələrlə Azərbaycanla bağlı bu cür təhdidlərə yer veriblər:

“Bir neçə gün əvvəl İran kanallarının birində yayımlanan verilişdə Laçın Ermənistanın ərazisi kimi təqdim edilmişdi. Qüdsə gedən yol, şübhəsiz ki, Azərbaycandan keçmir. Bu, Azərbaycana yeni təhdid mesajının verilməsi kimi qiymətləndirilə bilər. Bu isə yaxın qonşuluq münasibətlərinə uyğun olmayan davranışdır”.

V.Zifəroğlu qeyd edib ki, burada əsas olan Azərbaycanın öz milli maraqlarına söykənən xarici siyasət yeritməsi, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaratmış olduğu yeni geosiyasi reallıqla bağlı məqamlardır:

“İran nədənsə bu reallıqları inkar etməyə çalışır, hətta qəbul etmək istəmir. Azərbaycanın digər ölkələrlə münasibətlərinin inkişaf etməsi heç bir halda üçüncü ölkənin, xüsusilə qonşu ölkələrin əleyhinə yönəlməyib. Məhz elə bu səbəbdən Azərbaycan kifayət qədər ciddi, dayanıqlı, etibarlı tərəfdaş kimi bütün xarici ölkələr tərəfindən müsbət xarakterizə edilib və qəbul olunub. Azərbaycan-İsrail münasibətlərinin hansısa bir ölkəyə, o cümlədən İrana təhdidi yoxdur. İranın bu formada qeyri-adekvat yanaşmaları təbii ki, münasibətlərə xələl gətirir və zərbə vurur”.

Ekspert digər bir məqam kimi vurğulayıb ki, Azərbaycan heç zaman İran və Ermənistan münasibətlərinə qarışmayıb:

“Halbuki son 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. İranla Ermənistanın hər zaman çox ciddi, yaxın strateji müttəfiqliyi olub. Ermənistan 1991-ci ildən indiyədək İranın Cənubi Qafqaz siyasətində hər zaman önəmli rol oynayıb. İlk növbədə qeyd etməliyik ki, İran Cənubi Qafqazda məhz Ermənistan vasitəsi ilə maraqlarını yürütməyə çalışıb. İkinci məqam Ermənistanın Türkiyə və Azərbaycan arasında bir dövlət olaraq xarici qüvvələrin təsiri ilə nə zamansa yaradılması məsələsidir. Üçüncü faktor isə erməni lobbisindən İsrail lobbisinə qarşı istifadə edilməsidir. Bu məqamlara görə Ermənistan hər zaman İran üçün önəmli olub. Bu zaman münasibətlərin qurulub inkişaf etdirilməsində, hətta strateji səviyyəyə yüksəldilməsində İranı nədənsə Ermənistanın ona qonşu olan müsəlman ölkəsinin 20% ərazisini işğal etməsi, məscidlərdə donuz saxlaması kimi amillər narahat etməyib. Əksinə, çox az sayda İran ərazisində yaşayan ermənilərə, həmin ərizələrdə yaşayan digər xalqlara verilməyəcək hüquqlar, yüksək imtiyazlar tanınıb”.

V.Zifəroğlu bildirib ki, Azərbaycan öz xarici siyasətində tam müstəqildir və bu siyasət milli maraqlara söykənir:

“Azərbaycanın bu gün digər ölkələrlə qurduğu münasibətlər məhz regionun inkişafı üçün atılan addımlar kimi qiymətləndirilməlidir. Azərbaycan və Türkiyə Prezidentlərinin regionun inkişafı ilə bağlı ortaya qoyduğu mükəmməl “3+3” formatı var. Region ölkələri bu format üzərindən məsələlərə baxmalıdır, nəinki təhdidlər səsləndirməli. İran bu kimi addımlar atmaqla əslində daxili auditoriyanın başını qatmağa, tamamilə yanlış istiqamətə yönəltməyə çalışır. Mifik düşmən obrazı yaratmağa və onun ətrafında kampaniya qurmağa cəhd göstərir. Unutmaq olmaz ki, 1979-cu ildən İranın xarici siyasətində iki əsas istiqamət olub: bunlardan biri şiə inqilabının ixracı, digəri isə Fələstin-Qüds məsələsinin üzərində təbliğat kampaniyası qurub, ondan bəhrələnməyə çalışmaq.

İranda etirazlar üç aydan artıq müddətdir ki, başlayıb və belə görünür ki, hələ davam edəcək. Orada daxili auditoriyaya yönəlik hədəf göstərilməsi posesinə başlanılıb. Lakin bunun faydası yoxdur, çünki ortada təhdid yoxdur. Eyni zamanda, İrana qarşı koalisiyanın qurulmasından da söhbət gedə bilməz. Bu sadəcə sırf iki ölkənin yaxınlaşması və müttəfiq münasibətlər qurmasıdır”.

Gülnar Səlimova
Globalinfo.az