İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.
Qeyd edək ki, bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 49,83 % səsini toplayıb. İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan “Güclü Ermənistan” Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 % səs alıb.
Tarixin ertələnməsi Ermənistan qanunvericiliyinə uyğun prosedurdur? Yoxsa səbəb fərqlidir? Samvel Karapetyanın partiyasının parlamentə girməsi Nikol Paşinyana necə təsir göstərəcək?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Paşinyanın partiyası seçkilərdə 60-dan çox mandat qazanıb və hökumət qurmaq üçün kifayət qədər dəstəyə sahib olub:
“Lakin Paşinyan nə parlamentdə qanunvericilik təşəbbüslərini daha rahat həyata keçirməyə imkan verən beşdə üç, nə də konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan üçdə iki səs çoxluğunu əldə edə bilib. Bu nəticə göstərir ki, Paşinyan yaxın müddətdə konstitusiyaya dəyişikliklər etməyə tələsməyəcək. Hətta belə təşəbbüslər barədə açıqlamalar versə də, hazırkı siyasi reallıq onun bu istiqamətdə addım atmasını çətinləşdirir. Digər tərəfdən, müxalifətin, xüsusilə revanşist qüvvələrin konstitusiya dəyişikliklərinə qarşı çıxması Paşinyan üçün müəyyən mənada əsaslandırıcı arqument rolunu oynaya bilər”.
Xəyal Bəşirov
Hüquqşünas bildirib ki, seçkilərin yekun nəticələrinin iyunun 14-də elan olunması Ermənistan qanunvericiliyinin tələbləri ilə bağlıdır:
“Belə ki, seçki pozuntuları, eləcə də digər məsələlərlə bağlı daxil olan şikayətlərə Ermənistan Konstitusiya Məhkəməsi bir həftə ərzində baxmalı və qərar verməlidir. Bu prosedurlar başa çatdıqdan sonra parlamentin ilk iclası keçiriləcək, nəticələr rəsmiləşdiriləcək və baş nazir postu ilə bağlı proses başlanacaq. Böyük ehtimalla, Paşinyanın namizədliyi yenidən irəli sürüləcək və o, baş nazir seçiləcək. Bundan sonra yeni hökumətin formalaşdırılması prosesi başlayacaq”.
Ekspert bildirib ki, müxalif və Rusiya yönümlü qüvvələr isə ümumilikdə 41 mandat əldə ediblər:
“Bununla yanaşı, Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının topladığı səslərlə bağlı müəyyən mübahisələr var. Əvvəlcə partiyanın seçki baryerini keçdiyi bildirilsə də, sonradan bunun əksini göstərən məlumatlar yayıldı. Əgər partiya parlamentə düşməzsə, onun səslərinin qanunvericilik prosedurlarına uyğun şəkildə digər siyasi qüvvələr arasında bölüşdürülməsi mümkündür. Bu halda Paşinyanın mandatlarının müəyyən qədər artması ehtimalı var. Lakin bu artımın belə ona beşdə üç və ya üçdə iki səs çoxluğu qazandıracağı gözlənilmir.
Nəticədə Paşinyan hökuməti formalaşdıraraq fəaliyyətini davam etdirəcək. Həm parlamentdə, həm də siyasi müstəvidə ciddi mübarizənin davam edəcəyi görünür. Çünki üçdə iki səs çoxluğu Paşinyana təkcə konstitusiya dəyişiklikləri deyil, eyni zamanda, qanunvericilik, məhkəmə sistemi, Mərkəzi Seçki Komissiyasının formalaşdırılması və digər mühüm məsələlərdə daha geniş imkanlar verə bilərdi. Hazırkı şəraitdə Paşinyan bir sıra təşəbbüslərini həyata keçirmək üçün ya müxalifətin dəstəyini qazanmalı, ya da müxtəlif siyasi qüvvələrlə əməkdaşlıq etməlidir. Əks halda onun istədiyi dəyişiklikləri reallaşdırması çətin olacaq”.
Onun sözlərinə görə, Karapetyanın təmsil etdiyi qüvvələrin parlamentdə 29 mandat əldə etməsi Paşinyan üçün ciddi siyasi amilə çevrilə bilər:
“Bu qüvvələr hökumətin təşəbbüslərinə maneələr yaradaraq siyasi rəqabəti daha da sərtləşdirər. Ümumilikdə, Ermənistanda siyasi proseslərin yaxın dövrdə sakit və rəvan keçəcəyi gözlənilmir. Belə şəraitdə Paşinyanın əsas siyasi üstünlüyü Azərbaycanla sülh gündəmi ola bilər. Sülh sazişinin imzalanması və bu istiqamətdə mövcud maneələrin aradan qaldırılması onun siyasi mövqelərini gücləndirər. Əks təqdirdə, Paşinyanın hazırkı parlament üstünlüyünü uzun müddət qoruyub saxlaması çətin görünür”.
Ləman İmran
Globalinfo.az