Sənədli filmimizin sədası “Oskar”dan gəldi – Rejissor Şamil Əliyevdən şad xəbər

Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) bədii-sənədli filmi 95-ci Amerika İncəsənət və Elmlər Akademiyasının “Oskar” mükafatının namizədlər siyahısına daxil edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnamə” kinostudiyasında çəkilən ekran işində XX əsrin dahi Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist-bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsiri də təsvir edilib.

Bu barədə kinorejissor və ssenarist Şamil Əliyev Globalinfo.az-a açıqlama verib.

Rejissor “Yaradanlar” filminin “Oskar”a namizəd olmasını uğur hesab etsə də, mübarizənin hələ qarşıda olduğunu bildirib:

“90-a yaxın ölkənin içində 5 ölkə finala çıxır. Bu artıq bir status sayılır. Akademiyanın reqlamenti bu ildən dəyişib. Bu vaxta qədər ölkənin hansı filmi seçməsindən asılı olmayaraq, onu akademiyaya göndərə bilirdi. Amma bu ildən Akademiyada Seçim Komissiyası var. Onların tələblərinə görə, filmdə milli, dini, irqi ayrı-seçkilik olmamalı və maksimum tolerantlığı gözləmək lazımdır. Bizim “Yaradanlar” filmi bu Komissiyadan keçə bildi”.

Bununla yanaşı rejissor vurğulayıb ki, Azərbaycan ilk dəfədir sənədli filmlə “Oskar”a çıxa bilir.

Rejissor Şamil Əliyev müəllifi olduğu filmlərdə obrazın seçilməsinə xüsusi önəm verdiyini bildirib:

“Elə obraz tapılmalıdır ki, o təkcə Azərbaycan üçün yox, beynəlxalq kino ekspertləri və beynəlxalq tamaşaçılar üçün də maraqlı olsun. Müəyyən kodlar və bəşəri dəyərlər var ki, onları düzgün araşdırıb, düzgün nəticə çıxarmaq lazımdır. “Yaradanlar” filmi indiyədək 60-dan çox beynəlxalq kino festivalında iştirak edib və artıq 30-dan yuxarı mükafat alıb”.

Ş.Əliyev bildirib ki, altmış iki dəqiqəlik “Yaradanlar” filminin premyerası 2021-ci ildə olub. Bu ilin sentyabr ayında isə bir həftə kinoteatrda nümayiş olunub.

Onun sözlərinə görə, “Oskar”a çıxmamışdan qabaq film mütləq kinoteatrda yayılmalıdır.

Rejissor çəkilişlərin əsasən Bakıda aparıldığını, həmçinin arxiv materiallarından da istifadə olunduğunu qeyd edib:

““Yaradanlar” filmi Bakının əsas memarları Mikayıl Hüseynov və Sadıq Dadaşova həsr olunub. Biz filmdə təkcə Mikayıl Hüseynovun, Sadıq Dadaşovun arxitekturasını göstərməklə kifayətlənməmişik. 1937-ci il Azərbaycan ziyalıları üçün çox ağır dövr idi. Bu iki arxitektorun zadəgan nəslinin əksər üzvlərini bolşeviklər məhv etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndə ziyalılarımızın bir qismini kommunizmin basqınlarından xilas edib. Filmdə belə bir fakt var ki, H.Əliyev Mikayıl Hüseynov partiya üzvü olmasa da ona SSRİ Xalq memarı və Sosialist Əməyi Qəhrəmanı adını verdirə bilmişdi. Çünki Mikayıl Hüseynov 1985-ci ildə Birləşmiş Krallıq və İrlandiya Akademiyasının Şərq arxitekturası üzrə həqiqi üzvü seçilmişdi”.

Qeyd edək ki, “Yaradanlar” rejissor Şamil Əliyevin “Oskar” nominasiyası üzrə namizəd olan ikinci filmidir. Bundan əvvəl o, 2012-ci ildə lentə alınan “Çölçü” (“Steppe man”) filmiylə bu ödülə namizəd olmuşdu.

Ş.Əliyev bu haqda danışarkən deyib ki, “Çölçü” filmi Hollivud kino ekspertləri tərəfindən çox yüksək qiymələndirilib:

“Kino ekspertləri bu filmi Oskar mükafatlandırma görmək istədikləri üçün mən də həvəsləndim və müəyyən çətinliklərimiz olsa da filmi göndərə bildik. Ancaq “Çölçü” filminin təbliğatını yüksək səviyyədə apara bilmədik. Dünyaca tanınmış prodüser və distribyutor mərkəzləri bunun üçün mənə müraciət etmişdilər, lakin buna müəyyən maliyyə lazım idi. Kino sənayemiz hələ yeni dirçəlir, İnşallah gələcəkdə o məsələlər həll olunar.

Bu günə qədər ABŞ Kino Akademiyasının üzvü Rüstəm İbrahimbəyov idi. O da Rusiyadan “Günəşlə sovrulanlar” filminə görə seçilmişdi. Yəni Azərbaycandan hələ heç kim Amerika Kino Akademiyasında təmsil olunmur. Yaxın zamanda bu məsələ də öz həllini tapacaq və gələn ilin əvvəlində yəqin ki, bir şad xəbərlə Azərbaycan kinosevərlərini sevindirərik. Bizim hər hansı bir kinomatoqrafımız orada üzv olsa, filmlərimizin təbliği və Azərbaycan kinoları üçün müəyyən lobbiçilik etmək imkanları əldə edəcəyik”.

Ş.Əliyev hazırkı işlərindən söz açarkən “Xalı” və “Qız qalası” tammetrajlı bədii filmlərinin ssenarisinin hazır olduğunu deyib.

3-ü bədii,7-si sənədli film olmaqla 10 filmin müəllifi olan rejissor Şamil Əliyev yaradıcılığında kosmoqonik düşüncənin sosial motivlərini tapmağa çalışdığını deyib. Lakin bəzən maliyyə qıtlığı rejissoru yarı yolda qoyur.

O, kino sahəsində müsbət dəyişikliklərin baş verməsi üçün Mədəniyyət Nazirliyinin rəhbərliyinə bu sahədə ixtisaslaşmış insanların gəlməli olduğunu vurğulayıb:

“Kinoya rəhbərlik edən insanlarda maksimum tolerantlıq olmalı və mübarizə ancaq yaradıcılıq sferasında olmalıdır”.

Qeyd edək ki, “Yaradanlar” filminin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov,rəssamı Lalə Hüseynzadə,bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Film bu ilin əvvəlində ABŞ, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında iştirak edərək uğur qazanıb.

Qeyd edək ki, ilk dəfə ölkəmiz 2007-ci ildə 80-ci Oskar mükafatlandırma mərasimində Azərbaycan və Rusiyanın birgə istehsalı olan Fərid Hümbətovun “Qafqaz” filmi, 2008-ci ildə Şamil Nəcəfzadənin “Qala” filmi, 2010-cu ildə İlqar Səfətin “Sahə” filmi, 2012-ci ildə “Buta” filmi, 2013-cü ildə “Çölçü” filmi, 2014-cü ildə Elçin Musaoğlunun “Nabat” filmi, 2017 –ci ildə İlqar Nəcəfin “Nar bağı” filmi, 2021-ci ildə Rüfət Həsənovun “Daxildəki ada” filmi ilə təmsil olunub.

Gülnar Səlimova
Globalinfo.az