Rusiyanın imzalatmaq istədiyi inanılmaz sülh sənədi – Alçaldıcı maddələr…

lavrov yeni 1

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna üzrə danışıqlara hazır olduğunu bəyan edib. O qeyd edib ki, münaqişənin köklü səbəblərinin tam aradan qaldırılması onun sona çatmasına zəmin yarada bilər.

Hazırda Rusiyanın təklif etdiyi şərtlər daxilində sülhün əldə edilməsi gözləniləndirmi? Ukraynanın mövqeyi necədir?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Ukraynanın mövqeyində dəyişiklik müşahidə edilir:

“Bu, Ukraynanın hərbi məğlubiyyətə uğraması, insan resurslarının çatışmazlığı, əsas sponsorların mövqeyinin dəyişməsi ilə bağlıdır. Kiyev müharibəni yalnız ABŞ və Aİ-nin dəstəyi ilə davam etdirə bilər. Tramp administrasiyası isə Rusiya ilə danışıqların tərəfdarı kimi çıxış edir.

Ukraynanın başqa seçimi yoxdur, Rusiyanın mərhələ-mərhələ irəliləməsi Kiyevin manevr imkanlarını azaldır. Rusiya ilə danışıqlar alınmasa, Ukraynaya verilən hərbi yardımlar artırıla bilər. Bunun fonunda Ukraynanın mövqeyi güclənəcək və danışıqların əsas tərəfi kimi çıxış etmək imkanı qazanacaq”.

Politoloq bildirib ki, Ukrayna müharibəsinin köklü səbəbləri deyiləndə 2022-ci il 24 fevraldan əvvəl təxminən 3 dəfə baş tutmuş NATO-Rusiya danışıqlarında qaldırılan məsələlər nəzərdə tutulur:

“Bu zaman Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsi kimi mövzulara toxunulmuşdu. Lakin danışıqlar uğursuz oldu. Çünki Kremlin irəli sürdüyü tələblərdən biri də NATO-nun genişlənməsinin dayandırılması idi”.

zaur ibrahimli 12

Zaur İbrahimli

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra yeni şərtlər formalaşıb:

“Rusiyanın bu şərtlərinin maksimum səviyyədə yerinə yetiriləcəyini heç kim gözləmir. Şərtlər arasında NATO-nun genişlənməməsi, Ukraynanın Alyansa üzv olmaması ilə bağlı məsələlər nəzərdən keçirilə bilər. Lakin Rusiyanın çoxqütblü dünyada özü üçün əlahiddə status istəməsi, Qərb tərəfindən tanınması, xüsusi təsir dairələri verilməsi nəzərdən keçirilməyəcək.

Ruslar işğal etdiyi ərazilərin defakto tanınmasını, təmas xəttinin zəbt olunmuş ərazilər boyunca keçməsini istəyirlər. Eyni zamanda Ukrayna konstitusiyasında dəyişiklik edilməsini, rus dilinə xüsusi status verilməsini tələb edə bilərlər.

Ukrayna ordusuna məhdudiyyətlərin qoyulmasını isə Qərb ölkələrinin qəbul etməsi gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az