Rusiyadan qorxunc plan: hava məkanımızda terror təhlükəsi – Ekspert detalları açdı

“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib”.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamadan aydın olur ki, bu, erməni separatçılarının ilk belə cəhdi deyil. Bəs, ermənilər bu təxribatları ilə nəyə nail olmaq istəyirlər və rus sülhməramları niyə məlum təxribatlara laqeyd yanaşırlar?

Sualımızı cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Rusiyanın bu təxribatlara laqeyd qalması təsadüf deyil və onun hərbi-strateji maraqlarına xidmət edir:

Heydər Oğuz yazır: "Tanıdığım və tanımadığım Kamal(əddin)"-YENİ LAYİHƏ | | Xural qəzeti

Heydər Oğuz

“Bilirsiniz ki, Qərb ölkələri Rusiyaya hava məkanını bağlayıb, İrana da çox etibarları yoxdur. Dolayısı ilə Qərbdən Şərqə, Şərqdən Qərbə uçan bütün təyyarələr məcbur qalıb Azərbaycan hava sahəsindən keçirlər. Müdafiə Nazirliyinin məlumatına görə, bu nazik cizgi üzərində isə Qarabağ erməniləri GPS peyk naviqasiya sistemlərinə qarşı təxribatlar törədirlər”.

Heydər Oğuzun fikrincə, Qarabağ erməniləri bu təxribatı özbaşına həyata keçirmirlər:

“Böyük ehtimalla, bu təxribatın arxasında Rusiya var. Görünür, Rusiya öz hava sahəsini blokadadan xilas etmək üçün Qərb-Şərq istiqamətində uçan təyyarələr üçün təhlükəsiz marşrut hesab edilən bu nazik hava cizgisini istifadəyə yararsız hala gətirməyə çalışırlar. Moskvanın məqsədi budursa, bizim Müdafiə Nazirliyinin rus sülhməramlılarını erməni təxribatı ilə əlaqədar xəbərdar etməsi “səndən yar, sənə yar, şikayətim var” mahnısına oxşayır”.

Həmsöhbətimiz vurğulayıb ki, hər bir dövlətin suverenliyi 3 təməl üzərində qurulur:

“Quru sahəsinə nəzarət, su sahəsinə nəzarət və hava sahəsinə nəzarət. Azərbaycan suveren bir dövlət kimi öz hava sahəsinə tam nəzarət etməlidir. Bildiyimiz kimi, dövlətlərin hava suverenliyini Çikaqo Konvensiyaları tənzimləyir. 1947-ci ildə imzalanan bu konvensiyalarda açıq şəkildə bildirilir ki, “hər bir dövlətin öz hava məkanında suverenlik haqları var”. Suverenlik haqları təkcə hüquq deyil, həm də məsuliyyətdir, vəzifədir. Dövlətlər suverenliyini elan etdikləri hava sahəsinin təhlükəsizliyinə də cavabdeh olmalıdırlar”.

Heydər Oğuz onu da bildirib ki, bizim Rusiya və Ermənistanla bağladığımız 9 noyabr üçtərəfli Bəyanatda hava sahəmizdəki suverenliyimizi ikinci bir dövlətə həvalə etməyimiz barədə heç bir maddə yoxdur:

“9 noyabr Bəyanatına görə, Rusiya sadəcə Qarabağ üzərində quruya qismi nəzarət funksiyasını öz üzərinə götürüb və bu öhdəliyini belə doğru-dürüst yerinə yetirmir. Bu da ona sabah ermənilərin bizim hava sahəmizdən keçən təyyarələri düşürəcəyi təqdirdə rahatlıqla məsuliyyətdən yayınmaq imkanı verir. Deməli, sabah hava məkanımızda baş verən hər hansı hadisəyə görə bütün məsuliyyət Azərbaycanın üzərində qalacaq”.

Siyasi şərhçi onu da xatırladıb ki, Rusiya öz məsuliyyəti altında olmayan hava məkanlarında hər cür təxribat törətməklə ad qazanmış dövlətdir:

“Bilirsiniz ki, 2014-cü ildə Ukrayna hava sahəsində Rusiyayönümlü “partizanlar” Malayziyaya aid bir Boeing təyyarəsini vurmuşdular.

Malaysia Airlines aviaşirkətinin MH17 reysilə üçan Boeing -777 təyyarəsi Ukraynanın şərqindəki Qrabovo kəndi yaxınlığında qəzaya uğrayıb.

Bu terror aktı nəticəsində təyyarədə olan 300-ə yaxın mülki şəxs həyatını itirmişdi. Terror aktında uzun müddət Ukrayna rus separatçılarını, rus separatçıları isə Ukraynanı günahlandırdı. Amma heç kim Rusiyanı bu təxribatda günahlandıra bilmədi. Çünki həmin rus separatçıları guya Moskvanın nəzarətində deyildilər və müstəqil hərəkət etmişdilər. Ukraynanın ortaya qoyduğu sənədlər sayəsində təyyarənin kim tərəfindən vurulduğu tam təsbit olunmuşdu. Amma həmin adam son zamanlara qədər məsuliyyətə belə cəlb olunmadı. O, sadəcə bu yaxınlarda Putini bir balaca tənqid edən kimi qandallanıb həbsxanaya atıldı. Sanki Rusiya bununla bütün dünyaya göstərmək istəyir ki, bizim üçün Putin barəsində artıq-əskik danışmaq yüzlərlə günahsız insanı öldürməkdən daha təhlükəlidir. Belə bir anlayışla idarə olunan dövlətə Qarabağ ermənilərinin təxribatından gileylənmək nə qədər uğurlu siyasətdir?”

Həmsöhbətimizin fikrincə, erməni separatçılarının hava məkanımızda təxribatla məşğul olması barədə bəyanatı Müdafiə Nazirliyi yox, Xarici İşlər Nazirliyi yaymalıdır:

“Özü də təkcə heç bir məsuliyyət yükü olmayan Rusiyanın qulağına pıçıldamaqla yox. Xarici İşlər Nazirliyi bütün dünya dövlətlərinə erməni təxribatı ilə bağlı açıq şəkildə bəyanat ünvanlamalı, öz hava məkanında suverenliyini təmin etmək üçün antiterror əməliyyatına başlamalı və bütün Qarabağda nəzarəti öz əlinə almalıdır. Yoxsa, ölkəmizə qarşı planlaşdırılan təxribatların qarşısını ala bilmərik”.

Zaira Akifqızı
Globalinfo.az