Ramazanda iftardan öncə ehsan vermək günahdır? – CAVAB

Ramazan ayında gündəmə gələn və müzakirə edilən məsələlərdən biri də ölən şəxslər üçün bu ayda ehsan verilib-verilməməsidir. Belə ki, bir çoxları Ramazanda günorta saatlarında mərhuma görə ehsan verilməsinin yanlış olduğunun deyir.

Mövzunu Globalinfo.az-a şərh edən deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yas mərasimində ehsan verməyin dinlə, hansısa məzhəblə əlaqəsi olmadığını qeyd edib.

O deyib ki, bu, sadəcə, qəbul edilmiş bir tendensiyadır:

“İslam dininə görə, Ramazan ayı orucluq ayıdır. Lakin Ramazan ayında günorta saatlarında ehsanın verilib-verilməməsi dünyasını dəyişən adamdan asılı məsələ olmalıdır. Yəni vəfat edən şəxs dindardırsa, dini qaydalara əməl edibsə, bu prinsipləri gözləyə bilərlər. Yox, əgər dünyasını dəyişən insan ibadət etməyibsə, dindar olmayan insanları nəyəsə məcbur edə bilmərik. Ona görə də, bu kimi məsələlərdə diqqətli olmalıyıq. Onsuz da bu gün dindar ailələr günorta deyil, iftar saatında ehsan verirlər, amma dindar olmayan insanları buna məcbur etmək olmaz. Ola bilər, adam heç dindar deyil, amma dinə hörmət edərək günorta saatlarında ehsan süfrəsi vermir. O zaman bu, daha yaxşıdır. Lakin sərt reaksiya verilməsinin dini əsası yoxdur”.

C.Məmmədovun sözlərinə görə, dində iftar süfrəsi açmaq savabdır:

“Bir kimsə ehsanı iftar süfrəsi vaxtına salanda daha çox savab qazanmış olur, nəinki günorta. Çünki oruc tutan şəxs də gəlib orucunu həmin verilən ehsanla açır”.

İlahiyyatçı Hacı Təyyar Hüseynli Ramazan ayında iftara qədər ehsan verməyin günah olduğunu bildirib:

“Bu, həm də Ramazan ayına hörmətsizlik kimi qəbul olunur. İstər dünyasını dəyişən şəxsin dəfn günü və ya cümə axşamları mərasimində, istərsə də ümumi məclisdə açıq şəkildə iftara qədər süfrə açmaq dində qadağandır. Lakin istisna hallarda var. Məsələn, Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 183-cü ayəsində orucluq göstərişinin istisna bəndində də qeyd olunur ki, səfərdə və səhhəti ilə bağlı ciddi problemi olan insanlar oruc tutmamalıdırlar. Həmin istisna qrupuna daxil olan şəxslər də yas mərasimlərində qapalı bir otaqda, insanların görmədiyi yerdə çay içə, yemək yeyə bilər”.

İlahiyyatçı insanlara Ramazan ayında günorta saatlarında ehsan verməməyi məsləhət edib:

“Kimsə bunun dünyasını dəyişənlərə və ya özlərinə savab olacağını düşünürsə, yanlışdır. Bu, savab deyil, dünyasını dəyişən səbəbkara günahdır. Mübarək Ramazan ayında iftar süfrəsi açmaq isə böyük savabdır”.

Zaira Akifqızı
Globalinfo.az