Repressiya qurbanı olmuş Azərbaycan ziyalılarının ölüm hökmü icra edilmədən əvvəl ağır işgəncələrə məruz qalmaları sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Xüsusilə istiqlal şairi Əhməd Cavadın güllələnmədən əvvəl işgəncələrə məruz qaldığını əks etdirdiyi foto diqqət çəkib. Mənbələrə görə, 1937-ci il repressiyaları zamanı bir çox ziyalı, o cümlədən Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad ağır təqib və işgəncələrlə üzləşiblər.
1937-ci ildə repressiya olunmuş ziyalılara öldürülmədən əvvəl hansı işgəncələr verilib?
Globalinfo.az-a danışan “Çapar Milli İrsin Tədqiqi Mərkəzi”nin sədri, tarixçi Dilqəm Əhməd deyib ki, 1920-ci ildən 1937-38-ci ilin repressiyaları dövrünə qədər bolşeviklər həbs etdikləri şəxslərə ağır işgəncələr veriblər:
“Bu işgəncələr nəticəsində müttəhimlər “vətən xaini” olduqlarını, sovet hökuməti əleyhinə fəaliyyət göstərdiklərini boyunlarına alıblar. Xatirələrdə, sənədlərdə bu barədə xeyli məlumat var. Biz həmin şəkillərə baxanda insanların nə halda olduqlarını görürük. Bolşeviklər öz əqidədaşlarına daha çox zülm veriblər”.
Dilqəm Əhməd
Tarixçi bildirib ki, Ruhulla Axundovu güllələməzdən öncə qolunu sındırıb, gözünü çıxarıblar:
“Türmədə ayaq səsi gələndə qorxusundan çarpayının altına gizlənirmiş. Yəni erməni və ruslardan təşkil olunan bu istintaq hər kəsə ağır işgəncələr verib. Bu baxımdan Əhməd Cavadın da işgəncəyə məruz qalması şübhəsizdir”.
Bundan başqa, 1937-ci ildə həbs edilən Mikayıl Müşfiq “əksinqilabi fəaliyyət” ittihamı ilə sorğu-suala cəlb olunub. Araşdırmaçılar onun istintaq zamanı ağır psixoloji və fiziki təzyiqlərlə üzləşdiyini bildirirlər. Müşfiqdən müxtəlif ittihamları etiraf etməsi tələb olunub. O, sonradan güllələnib.
Həmin ildə həbs olunan Hüseyn Cavid də sovet repressiyalarının hədəfinə çevrilib. İstintaq müddətində ona qarşı ciddi təzyiqlər edildiyi vurğulanır. Daha sonra o, Sibirdə yerləşən düşərgələrə sürgün olunub və ağır şəraitdə yaşamağa məcbur qalıb. Cavid 1941-ci ildə sürgündə vəfat edib.
Ləman İmran
Globalinfo.az