Qısqanclıq zəminində öldürülən qadınların sayı açıqlandı

Keçən il Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9864 müraciət daxil olub.

Globalinfo.az bildirir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175(2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəm 2021-ci ildə 46 idi.