Qərb Ukrayna və Rusiyaya qarşı fəlakət ssenarisini işə saldı – Şok plan dəyişikliyi

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ-a səfər edib. Prezident Co Bayden Zelenski ilə görüşdə Ukraynaya 200 milyon dollarlıq yardım paketini açıqlayıb.

Görüşdən öncə V.Zelenski ABŞ mətbuatına açıqlamalar verərək Ukraynaya yardımın azalmasından narazı olduqlarını bildirmişdi. Həmçinin C.Bayden Kiyevə 60 milyard dollarlıq yardımın ayrılması ilə bağlı ABŞ Konqresindən təsdiq gözlənildiyini deyib. Lakin respublikaçıların Senatdakı lideri Mitç Makkonnell Miladdan əvvəl bu məbləğdə paketinin təsdiqlənməsinin “faktiki olaraq mümkün olmadığını söyləyib.

Bəs Ukrayna nə qədər Qərb və ABŞ-dan yardım almağa davam edə biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov Ukraynanın hələ bir müddət də Qərb və ABŞ-dan asılı olacağını deyib:

“Təbii ki, bu səfərdə əsas məqsəd müharibənin gedişatına təsir üçün ABŞ-ın Ukraynaya dəstəyinin artırılmasıdır. Ukrayna hələ ki, özünün müdafiə qabiliyyətini formalaşdıra bilməyib. Çünki Rusiya müharibənin ilk başlarından Ukraynanın bütün hərbi sənaye kompleksini demək olar sıradan çıxardı. Kiyev hazırda Qərbin yardımlarına möhtacdır. Hesab edirəm ki, gələcəkdə Ukrayna yavaş-yavaş özünümüdafiə kompleksi qura biləcək. Amma bu gün Qərbdən asılıdır. Onlar da nə tam şəkildə yardım edib Ukraynanın müharibədə irəliləməsinə şərait yaradırlar, nə də tamamilə yardımı kəsirlər. Elə bir dəstək verirlər ki, sadəcə müharibənin müddəti uzanır”.


Samir Hümbətov

Politoloq ABŞ və Qərbin müharibənin gələcəyi ilə bağlı planlarının dəyişə biləcəyini qeyd edib:

“Görünür ki, ABŞ və Qərb ölkələri ya Rusiya ilə sövdələşməyə getmək, ya da onu tamamilə zəiflətmək istəyir. Təbii ki, belə olan halda V.Zelenski ABŞ-dan da, Avropadan da narazı olacaq. Amma bir fikir var ki, hər bir dövlət təhlükəsizliyini özü təmin etməlidir. Bu prinsip bütün ölkələr, xüsusi ilə də Ukrayna üçün keçərlidir. İndi ABŞ-ın Ukraynaya ümumilikdə 106 milyard dollarlıq yardım paketi gündəmdədədir. Bunun nə zaman və necə reallaşacağı məlum deyil, lakin belə bir şey təklif olunub. Konqresdən keçməsi gözlənilir. Ümumilikdə isə Ukrayna nə Avropa İttifaqı, nə də ABŞ-dan gözlənilən dəstəyi ala bilməyib. Bu, Rusiyanın marağına xidmət etsə də, ABŞ-ın məqsədlərinə daha uyğun gəlir. Çünki zaman keçir, müharibə uzanır”.

Ayşən Mustafa
Globalinfo.az