Paşinyan bu barədə gizli danışıqlar aparıb – Ermənistanda şok yaşanır

“Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatları Brüssel görüşünün ümumi nəticəsi və ayrılan yardımın miqdarından şoka düşüblər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, hakim fraksiyanın nümayəndələri Ermənistanın Rusiyadan uzaqlaşması müqabilində Qərbin milyardlarla dollar dəyərində vəsait ayırmasını gözləyirdilər:

“Lakin bu məbləğ ümumilikdə 350 milyon avro oldu ki, bu da növbəti 4 il ərzində hissə-hissə, qrant şəklində veriləcək. İndi baş nazir Nikol Paşinyanın komandası onun Brüsseldə gizli danışıqlar apardığı və razılaşmalar əldə etdiyinə inanırlar. Bu səbəbdən Paşinyanın Ermənistana qayıdaraq təfərrrüatları açıqlamasını gözləyirlər.

Aİ və ABŞ-ın az yardım ayırmasının səbəbinin isə Azərbaycanla bağlı olduğu deyilir. Belə ki, görüşdən əvvəl ABŞ və Aİ rəsmilərinin bunun sadəcə iqtisadi əhəmiyyət daşıdığını izah etmək üçün Azərbaycan Prezidenti və digər nümayəndələrə zəng etməsinə diqqət çəkilib. Yəni Aİ və ABŞ Azərbaycanla münasibətləri pozmamaq, Bakının “könlünü almaq” üçün ard-arda zəng edərək görüşün məzmununu izah etməyə çalışdıqdan sonra Ermənistana yardımın miqdarını da azaldıb, İrəvana cüzi dəstəyin olduğunu göstərir”.

Nəşr yazır ki, görüşdə diqqətçəkən məqamlardan biri də rəsmilərin mətbuat konfransında Ermənistana indiyə kimi edilən bütün yardımları sadalaması olub:

“Məsələn, 2023-cü ildə Qarabağdan Ermənistana köçənlərə 7 milyon dollardan çox humanitar yardım edildiyi və bu günə kimi 31 milyon dollarlıq dəstək paketinin ayrıldığı açıqlanıb.

Ermənistan ictimaiyyəti düşünür ki, Ukraynaya milyardlarla dollar dəyərində yardım göstərən Qərb, Ermənistana 4 il ərzində ümumilikdə 350 milyon dollar dəyərində yardım göstərəcəyini açıqlayaraq İrəvanı ələ salır. Avropalılar Ermənistan hakimiyyətinin və xalqının ancaq pulla maraqlandığını, əməkdaşlıq danışıqlarının isə pul vermək vədlərində ibarət olduğunu hesab edirlər”.

Ayşən Mustafa
Globalinfo.az