Avropa Komissiyası Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərdən zərər görən özəl sektorun dəstəklənməsi məqsədilə Paşinyan hökumətinə 34 milyon avro maliyyə yardımı ayırıb.
Globalinfo.az xəbər verir ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin yaydığı məlumata görə, bu vəsait Rusiyanın ticarət məhdudiyyətlərinin təsirlərinin azaldılmasına yönəlib.
Bildirilib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından cəmi iki həftə sonra Avropa İttifaqı Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayıb.
Qeyd olunub ki, ayrılan maliyyə yardımı daha geniş dəstək paketinin ilk tranşıdır. Paketə ticarət prosedurlarının sadələşdirilməsi və Ermənistan iqtisadiyyatının dayanıqlığının artırılmasına yönəlmiş tədbirlər daxildir.
Aİ nümayəndəliyinin açıqlamasında vurğulanıb ki, kənd təsərrüfatı, balıqçılıq, gülçülük və digər ixracyönümlü sahələr əlavə dəstək alacaq. Bu məqsədlə ticarətin təşviqi təşəbbüsləri, biznesin inkişafı proqramları və bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş layihələr həyata keçiriləcək.
Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti mayın 22-dən Ermənistandan gül idxalını qadağan edib. Daha sonra pomidor, xiyar, bibər, göyərti, çiyələk, çəyirdəkli və tumlu meyvələr, kartof, badımcan, quru meyvələr, eləcə də balıq və balıq məhsullarının Rusiyaya ixracına müxtəlif məhdudiyyətlər tətbiq olunub.
Aİ rəsmilərinin fikrincə, Ermənistanla əlaqələrin dərinləşdirilməsi Cənubi Qafqazda və regiondan kənarda sülhə, sabitliyə və rifaha töhfə verəcək.
Əliyar Xəlil