Aİ Ermənistana Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün əlavə dəstək göstərməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Xarici İşlər Şurasının iclasından sonra təşkil olunan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Aİ Ermənistanın iqtisadi dayanıqlığını gücləndirmək və Moskvanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin təsirlərini azaltmaq məqsədilə geniş iqtisadi dəstək paketi üzərində işləyir.
Kallas bildirib ki, erməni seçicilər Rusiyanın güclü təzyiqləri və iqtisadi təsir cəhdlərinə baxmayaraq, ölkənin Avropa İttifaqı ilə yaxınlaşma kursunu dəstəkləyiblər.
O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Ermənistanda Aİ-nin yeni tərəfdaşlıq missiyası fəaliyyətə başlayacaq. Missiyanın əsas vəzifələri sırasında kiberhücumlara qarşı mübarizə, qanunsuz maliyyə axınlarının qarşısının alınması və digər təhlükəsizlik təhdidlərinə operativ cavab tədbirlərinin gücləndirilməsi yer alacaq.
Aİ rəsmisinin sözlərinə görə, bu addımlar Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha dayanıqlı olmasına xidmət edəcək.
Əliyar Xəlil